YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir
YAP Səbail rayon təşkilatının gəncləri Novruz bayramı ərəfəsində "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsinin şəhidi Orxan İsmayılov Zöhrab oğlunun ailəsini ziyarət ediblər. Ailə ilə səmimi söhbət edən gənclər Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda ilk günlərdən ön cəbhədə qəhrəmanlıqla döyüşən şəhidimizin döyüş yoluna nəzər salıblar, hər günü şanlı tarix olan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərini borclu olduğumuz bütün şəhidlərimizin əbədiyaşar xatirəsini bir daha ehtiramla yad ediblər və bu şərəfli mübarizədə sağlamlığını itirən qazilərimizə Allahdan şəfalar diləyiblər. Vurğulayıblar ki, Azərbaycan xalqı, gələcək nəsillər qəhrəman Vətən oğullarının xidmətlərini, şücaətini, mərdliyini, fədakarlığını əbədi yaşadacaq və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şanlı Qələbəsi böyük bir qəhrəmanlıq dastanı kimi xatırlanacaqdır.
Şəhid ailəsinin üzvləri dövlətin diqqət və qayğısından razılıqlarını ifadə ediblər.
Ailəyə Novruz sovqatı və maddi yardım təqdim olunub.
Şəhidlik kimi ən ali və şərəfli zirvəyə yüksələn, təkcə ailələrinin və doğmalarının deyil, bütün Azərbaycanın qüruru və fəxri olan şəhidlərimizin ruhları qarşısında bir daha baş əyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə