"Seçkilərdə iştirak etməyəcəyəm, keçirilməsinə də icazə verməməliyik" Vazgen Manukyan

"Seçkilərdə iştirak etməyəcəyəm, keçirilməsinə də icazə verməməliyik" Vazgen Manukyan

Paşinyanın açıqlaması onun seçki keçirəcəyi demək deyil, amma bu baş verərsə, heç bir şəkildə iştirak etməyəcəyəm və bu cür seçkilərin keçirilməsinin qarşısını almaq üçün hər şey edilməlidir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Vətənin Qurtuluşu Hərəkatı” adlı müxalifət qruplaşmasından Ermənistan Baş Nazirliyinə namizəd Vazgen Manukyan 18 mart tarixində NEWS.am saytına verdiyi müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Nikol Paşinyan getməyincə və komandasından olmayan biri gəlməyincə, seçkiyə getmək olmaz. O, izah edib ki, bəlli bir müddət keçməlidir və belə şərtlər daxilində seçki keçirmək mümkün deyil.
“Nikol Paşinyan istefa versə, lakin hakimiyyət onun komandasının əlində qalsa, heç bir halda seçkilər olmayacaq. Əgər Paşinyan özü seçkiləri keçirəcəksə, o zaman ümumiyyətlə olmaz”, deyə Vazgen Manukyan bildirib.
Vazgen Manukyan Nikol Paşinyan dövründəki seçkilərin Ermənistan üçün fəlakət olduğunu təkrar olaraq qeyd edib.
“Vətənin Qurtuluşu Hərəkatı” hələ bu məsələni müzakirə etməyib", deyə baş nazirliyə namizəd əlavə edib.
Xatırladaq ki, 18 martda Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində erkən parlament seçkilərinin bu il iyunun 20-də keçiriləcəyini yazmışdı. Bunun ardınca müxalifət nümayəndələri onun fikirlərinə münasibət bildirməkdən çəkinməyib. Məsələn, müxalifət cəbhəsindən olan "Parlaq Ermənistan"ın lideri Edmon Marukyan Paşinyanın öz sosial şəbəkə hesabında paylaşımından dərhal sonra ölkədəki erkən parlament seçkilərinə münasibətini bildirib. Ən kəskin fikirlər isə Vazgen Manukyana məxsusdur və o birmənalı şəkildə hazırki baş naziri, onun hakimiyyət komandasını rədd edir, onlarla birgə seçkini təsəvvür belə etmək niyyətində deyil. Bu isə hələ qarşıdurmaların bundan sonra daha kəskin olacağından xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə