Ermənilər tərəfindən dağıdılmış bütün dini məbədlərimiz bərpa olunacaq

Ermənilər tərəfindən dağıdılmış bütün dini məbədlərimiz bərpa olunacaq

Prezident İlham Əliyev: "Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış"

"Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Hünərli kəndindəki Alban məbədi ilə tanış olarkən bildirib. Bildiyimiz kimi, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir qarşılıqlı hörmət şəraitində yaşayır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və bərpa olunub.

Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Bütün bunlarla yanaşı, paytaxtımızın mərkəzində erməni kilsəsi də var. Bu illər ərzində kilsəyə toxunulmayıb. Bu, xalqımıza məxsus olan dəyərdir, xalqımızın tolerantlığının göstəricisidir. Cənab Prezidentin qeyd etdiyi kimi, "İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur… Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb".

"ERMƏNİLƏR NECƏ Kİ, BİZİM MƏSCİDLƏRİMİZİ TƏHQİR EDİBLƏR, QƏDİM ALBAN MƏBƏDİNİ DƏ TƏHQİR ETMİŞLƏR"

Erməni qəsbkarlarının ərazilərimizdə abidələrin saxtalaşdırılması istiqamətində apardığı işlər Ermənistanın özünü təsdiqləmək, tarixini, mədəniyyətini yaratmaq siyasətinə xidmət edib. 30 ilə yaxın işğal altında olan tarixi və memarlıq abidələrimiz olan Qarğabazar kəndində Cəlil turbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə turbəsi, Füzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim turbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələrimiz dağıdılıb, məhv edilib, tanınmaz hala salınıbdır. Əlbəttə ki, Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. "Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir", deyən dövlət başçısı ermənilərin bu kilsəni də erməniləşdirmək istədiklərini və burada erməni dilində yazılar yazdıqlarını, ancaq buna nail ola bilmədiklərini bildirib: "İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər".

"ƏGƏR BU, ERMƏNİ KİLSƏSİ OLSAYDI, BUNU YAZARDI – "İQOR", "AŞA"?"

Təbii ki, ermənilər onlara məxsus olan abidələri hifs edər, onu qoruyardılar. Amma təcavüzkar ermənilər Azərbaycan xalqının abidələrinə münasibətdə qəddardırlar, dağıdıcı və yırtıcıdırlar: "Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? "Kamo", "Artur", nə bilim, "Marta". Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – "İqor", "Aşa"? Uçurublar, dağıdıblar, qapını da yandırıblar". Baş verənlər nəyi göstərir? Əlbəttə ki, ermənilərin daş yaddaşımıza olan münasibətidir. Yeni tarix yazmaq, yaratmaq istəkləridir. Özünün zənginliyi olmayan başqasının da zəngin, qiymətli dəyərlərinə xor baxar. Bu, aksiomadır. Bütün dünya bu vəhşiliyi görür və onların yarıtmaz əməlləri, sahib olmadığı dəyərlərə qarşı zorakılıqları diqqətdən qaçmır. Əsilsiz, köksüz bir "xalq" başqa cür hərəkət də edə bilməz.

"GƏLİN, BİR YERDƏ DEYƏK: "AZIX AZƏRBAYCANDIR!", "QARABAĞ AZƏRBAYCANDIR!"

Daş dövrü insanlarının yaşayış yeri kimi məşhur olan Azıx mağarası da uzun illər düşmənin işğalı altında olub. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Mənbələrdən bəllidir ki, 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.

Səfər çərçivəsində Azıx mağarasında olan dövlət başçısı buranın dünyanın ən qədim insanının yaşayış yerlərindən biri və Azərbaycan tarixinə məxsus, tarixi sərvətin olduğunu bildirib: "Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar".

Azərbaycan 44 günlük Vətən müharibəsində neçə illərə bərabər bir yol getdi, döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib oldu. 30 illik bir həsrətə son qoyuldu. Tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir. Cənab Prezidentin vurğuladığı kimi, "Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: "Azıx Azərbaycandır!", "Qarabağ Azərbaycandır!".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə