İsveçrədə “Xocalıdan danışaq” adlı onlayn tədbir təşkil edilib

İsveçrə Konfederasiyasında Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və diasporun fəal üzvlərinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilməkdədir. SİA xəbər verir ki, "Azərbaycanın dostları" diaspor birliyinin sədri Arzu Əliyeva-Bodmer tərəfindən "Xocalıdan danışaq" adlı onlayn ədəbi-bədii görüş keçirilib. Tədbirdə Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları və burada yaşayan soydaşlarımız iştirak ediblər. Tədbiri açan Arzu Əliyeva-Bodmer qonaqları salamlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edilib. Sonra İsveçrədə yaşayan həmvətənimiz Anar Fərəcbəy Xalq şairi Zəlimxan Yaqubun Xocalı soyqırımına həsr olunmuş şeirini səsləndirib. Hazırda Rusiyanın Ryazan vilayətində yaşayan və faciənin canlı şahidi olan Vüqar Cəfərov yaşadığı dəhşətləri və o günlərin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Vətən müharibəsində qələbə qazanmağımız qeyd edilib. Sonda Bakı Muğam Mərkəzinin solistləri Rəvanə Qurbanova və Rövşən Qurbanov milli muğamlarımızı ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə