AXCP-“Milli Şura”nın “liderlərinin” nikolizm sevgiləri davam edir? MÜXALİFƏT

Yaxud, Əli Kərimli-Cəmil Həsənli cütlüyü iki il əvvəlki kimi Nikol Paşinyanı “təmiz” və “ağıllı” kimi görməkdə davam edirlərmi?

Hələ iki il əvvəl, daha dəqiq desək, 2018-ci ilin yazında Ermənistanda başlayan “məxməri inqilab” ssenarisi və bu ssenarinin Qərb dairələri, əsasən də Corc Soros tərəfindən işlənilib-hazırlanması zamanı dərhal çiçəkləri çırtlayan Azərbaycan müxalifətinin iki sima(sız)ı – AXCP -“Milli Şura” cütlüyünün “liderləri” Əli Kərimli və Cəmil Həsənli dərhal erməni inqilabının öndəgedəni Nikol Paşinyana təriflər yağdırmağa başladılar. Hətta qoca professor Nikolun “ağıllı siyasətçi” olduğunu dilə gətirərək, dolayı yolla ona dəstək göstərdiyini bəyan etdi. Təbii ki, AXCP sədri də öz növbəsində artıq “demokratiya” küləyinin Azərbaycana da keçid alacağı barədə ağızdolusu danışdı, sərhədlərimizə yetişməsi “anonsunu” verdi. Ümumiyyətlə isə, həmin adamların daxillərində formalaşmış erməni sevgisinin bu qədər izafi şəkildə büruzə verəcəyini də əslində gözləmək olmazdı. Amma ortaya çıxan fakt hər şeyi yerbə-yer etmişdi-adıçəkilən cütlük bir az da irəliyə gedərək, Nikol Paşinyanın “məxməri inqilabından” öyrəniləsi olan məqamların da yer aldığını çıxışlarında deyirdilər. Yəni Paşinyanın hakimiyyətə gəlişi ilə düşmən ölkə guya ağ günə çıxacaqmış və bu baxımdan, özlərini bir növ Nikol kimi hiss etdilər. Hələ onu da unutmaq olmaz ki, Cəmil Həsənli baş nazir kürsüsünü ələ keçirmiş Paşinyanı “təmiz adam” kimi də qələmə verdi.

AXCP və “Milli Şura” “liderlərinin” nəzərinə bəzi məqamları çatdırmaq pis olmazdı

Lakin cəmi-cümlətanı ikicə il sonrakı vəziyyət bir daha sübut etdi ki, əslində, xarici dairələrin oyunu olan məxməri, yaxud fəsil “inqilabları” prosesi heç də normal seçim deyil və ölkələri uçuruma aparan bir siyasi ölüm yoludur. Bu gün həmin yola Ermənistan qədəm qoyub – məhz Nikol Paşinyanın sayəsində.

Təbii ki, Azərbaycan qarşısında uğradığı ağır və sarsıdıcı məğlubiyyətdən sonra Paşinyanın kürsüsü laxlamaq üzrədir, ancaq onu laxladanların da heç də normal siyasi çevrələr olduğunu demək olmaz. Əslində, bu gün hakimiyyəti devirib, iqtidara yiyələnmək istəyənlərin təməlində yenə də köhnə hakimiyyət nümayəndələrinin dayandıqları sirr deyil. Ancaq bütün bunlara rəğmən, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün Paşinyanı hələ də “ağıllı”, “təmiz” insan kimi görüb-görməmələri məsələsi bir çoxlarını maraqlandıran sualdır. Halbuki, təkcə iki ildə Ermənistanda baş alıb-gedən korrupsiya və s. cinayətlərin sayı daha da artıb.

Beləliklə, AXCP və “Milli Şura” “liderlərinin” nəzərinə bəzi məqamları çatdırmaq pis olmazdı.

Hələ ötən il Kanadada Paşinyan cangüdəninin bacısının adına 3 milyon dollarlıq ev aldığı məlum olmuşdu

Məsələn, erməni deputat Artyom Tsarukyanın facebookda yazdığı sözlərə görə, Ermənistan hökuməti cəmi 2 ildə öz ətrafında kifayət qədər zəngin bir “korrupsiya tarixi” formalaşdıra bilib. Nikol Paşinyan komanda yoldaşlarını dövlət büdcəsi və vergi ödəyiciləri hesabına zənginləşdirib. Hələ ötən il Kanadada Paşinyan cangüdəninin bacısının adına 3 milyon dollarlıq ev aldığı məlum olmuşdu.

Yaxud, ötən ilin aprel ayının sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti Krasnodarda qara bazar üçün 40 ton siqaret daşıyan Ermənistan nümayəndələri olan bir təyyarəni saxlayıb. Eyni şəkildə Voronej vilayətində də külli miqdarda qanunsuz siqaret ələ keçirilib. Siqaret qaçaqmalçılığında Nikol Paşinyanla yanaşı, 17 nəfərin adı hallanır.

Ermənistan tarixçisi Volodya Ohanesyan baş nazirin korrupsiya əməlləri ilə bağlı qısa müddət öncə açıqlama yayıb. Ölkədə oliqarxların verdikləri milyonlarla pul haradadır?! Qaqik Xaçartyanın verdiyi 200 milyon, ayrı-ayrı oliqarxların verdikləri 30 milyon hardadır?! Ermənistan hökumətinin bununla bağlı heç bir cavabı yoxdur. Onun sözlərinə görə, Ermənistanda bir nömrəli korrupsioner, böyük oliqarxları məhv edən, insanlaran qarşı saxta cinayət işləri açan Nikol Paşinyandır!

Erməni KİV-lərinin və siyasətçilərinin dediklərinə görə Nikol Paşinyan sahib olduğu nəhəng sərvəti 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra əldə edib

“Ermənistan səsi” qəzetinin müxbiri Marina Mkrtçyan isə qeyd edir ki, Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan dövlətin və oliqarxların pullarını ianələr şəklində mənimsəyir. İlk mərhələdə Ermənistanın baş naziri Aleksandr Sarkisyanın bank hesablarının birindən 30 milyon dollar götürüb. Həmçinin həyat yoldaşı Anna Akopyan isə Samvel Aleksanyan (sahibkar və keçmiş deputat), Artak Sarkisyan (“SAS” supermarketlər şəbəkəsinin sahibi) və digər iri biznes nümayəndələrindən milyonlarla ianə alıb. Bu oliqarxların məcburi yardımları hara getdi? Armen Avetisyan Saxkadzordakı lüks “Golden palace” otelini dövlətə hədiyyə edib və digər hədiyyələr barədə çox az məlumat var. Bu qədər pulların taleyi haqqında heç bir məlumat yoxdur. Erməni KİV-lərinin və siyasətçilərinin dediklərinə görə Nikol Paşinyan sahib olduğu nəhəng sərvəti 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra əldə edib.

Və ya erməni analitik Vardqes Sarqsyan yazır ki, Paşinyan qısa hakimiyyət dövrü ərzində xalqın və dövlətin bütün qapılarını bağladı. Bu, bir daha onun diktator rejimi yaratdığının isbatıdır.

Ermənistan KİV-ləri, “KompromatSNQadlı” sosial media kanalı yazır ki, Hakopyanın fondu və şəxsi hesabı Paşinyanın yeni korrupsiya sxeminin əsas hücrəsidir. Bu ilin martında Brüssel tərəfindən hesabat yayımlanıb. Həmin hesabatda Akopyana və Paşinyana ofşor hesablar vasitəsilə külli miqdarda maliyyə vəsaitləri köçürən oliqarx və məmurların adları yer alıb. Ötən ilin martın 1-ə görə Paşinyanın ailəsi bu yolla 1,5 milyard avro almağı bacarıb.

Paşinyan büdcə hesabına öz siyasi tapşırıqlarını da həll edir. Konstitusiya Məhkəməsinin hakimlərini “ram edir”. “Sputnik Ermənistan” yazır ki, hakimlərə istefa qarşılığında ömürlük yüksək məvacib təklif edilir. Ermənistan xalqı isə bu qanunsuzluqlara görə öz etirazlarını davam etdirir.

Təki erməni olsun – Azərbaycan əleyhinə çıxışlarını ermənipərəstlik “mexanizmi” ilə davam etdirsinlər...

İtaliyanın “L’Opinione” qəzetində “Ermənistan: şübhəli demokratiya və Vatikandakı Ermənistan səfirliyinin sirri” sərlövhəli məqalə dərc edilib. Məqalədə son dövrdə Ermənistanda baş verən mürəkkəb daxili siyasi proseslər, baş nazir Nikol Paşinyanın hakimiyyətin mənimsənilməsi istiqamətində atdığı addımlar, təhlükəsizlik qurumlarının rəhbərlərinin son istefaları, konstitusiyaya son mübahisəli dəyişikliklərin qəbulu, hakim rejimin siyasi opponentlərə qarşı həyata keçirdiyi təqiblər, müxalifət tərəfindən baş nazir və həyat yoldaşına qarşı qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı irəli sürülən ittihamlar, hökumətin yarıtmaz fəaliyyətinin Ermənistanda ağır sosial-iqtisadi vəziyyətə, pandemiyanın ağır nəticələrinə gətirib çıxarması və bu məsələlərə münasibətdə beynəlxalq reaksiyalar barədə danışılıb.

Nəhayət, Avropa Xalqlar Partiyasının sədri Ermənistanda baş verən hadisələrdən narahatlığını ifadə edərək Ermənistan hökumətini müxalifətə qarşı qanunsuz təzyiqləri dayandırmağa çağırıb

Bu baxımdan çox maraqlıdır, “Milli Şura” və AXCP sədrlərinin vaxtilə müdafiə etdikləri “təmiz” adam adlandırdıqları Nikol Paşinyan və ailəsinin korrupsiya əməlləri, qanunsuzluqları haqqında materiallardan sonra onlar həmin düşüncələrində qalmaqda davam edirlərmi? Yoxsa bir zamanlar öz şəxsi mənafeyi naminə deputat seçilmək üçün AMİP-dən AXCP-yə gələn və daha sonra deputat mandatını qorumaq üçün AXCP-dən gedən, kitablarında və çıxışlarında mövcud hakimiyyətin ünvanına təriflər yağdıran, mandatını itirdikdən sonra radikal müxalifətçiyə çevrilən Cəmil Həsənli indi də fərqli çıxış yolunu yeni erməni müxalifətinin – yəni anti-Paşinyançıların təbliğatında görür? Bəlkə də onlar üçün heç bir fərqi-filanı yoxdur, təki erməni olsun – Azərbaycan əleyhinə çıxışlarını ermənipərəstlik “mexanizmi” ilə davam etdirsinlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə