REAL-a pul ayrıldı – AXCP və Müsavat qeyzə gəldi TƏRS BAXIŞ

REAL-a pul ayrıldı – AXCP və Müsavat qeyzə gəldi TƏRS BAXIŞ

Natiq Cəfərli partiyasını hədəfə alanları “ağzıgöyçəklər” adlandırdı

Artıq məlum olub ki, Milli Məclisdə təmsil edilən digər müxalifət partyaları kimi, REAL partiyası da parlamentdə təmsil olunmasına və dövlət qeydiyyatından keçdiyinə görə dövlət büdcəsindən maliyyə alacaq. Sözügedən məlumatı partiyanın sədri İlqar Məmmədov paylaşıb. Məhz bu məlumatın ictimailəşməsindən sonra, əsasən müxalifətin radikal qanadında yer alan AXCP və Müsavat kimi partiyaların tərəfdarları sosial şəbəkələrdə nədənsə yalnız REAL partiyasını hədəfə alan çıxışlara başlayıblar. Təəccüb doğuran məqam isə budur ki, radikallar REAL rəhbərliyini iqtidarla iş birliyində, düşərgəyə xəyanətdə ittiham edirlər.

Lakin buna rəğmən, REAL-ın verdiyi cavablar və davam edən qarşıdurmalardan doğan digər reallıqlar da maraqlıdır.

REAL partiyası: “Bu maliyyədən ciddi elmi araşdırmalara sərf edilməsini düşünürük”

Adıçəkilən partiyanın icra katibi Natiq Cəfərli onları hədəfə alan cəbhəçilərə və müsavatçılara cavab olaraq bildirib ki, təşkilatlarının maliyyələşməsi qanunvericilik əsasındadır. Onun sözlərinə görə, partiyaya parlamentdəki təmsilçiliyinə görə dövlət qeydiyyatından keçibsə, maliyyə ayrılır və həmin maliyyənin necə və haraya xərclənəcəyi də bəlli olub. “Maliyyə yardımı ilə bağlı açıqlama verdik ki, bundan istifadə edərək dünyagörüşümüzü, ideoloji hədəfimizi dəstəkləyəcək və onu sübut edəcək ciddi araşdırmalara sərf edəcəyik. Mütəxəssislərlə çox güman ki, müqavilələr imzalanacaq. Onlar da ciddi elmi araşdırmalar ortaya qoyacaqlar ki, bu da bir ilk olacaq”, deyən Natiq Cəfərli bildirib ki, təmsil olunduğu partiyası dövlətin ayırdığı maliyyə hesabına regional təmsilçilik ofisləri açacaq. “Bakıdan kənarda ofislərin açılmasına çalışacağıq. Eyni zamanda, bu maliyyədən ciddi elmi araşdırmalara sərf edilməsini düşünürük. İl ərzində 10-15 böyük sorğuların keçirilməsi də planlarımızda var. Siyasi olaraq səsləndirdiyimiz tezislərin bir elmi əsası, təməli olmalıdır. Çox təəssüflər olsun ki, siyasi partiyalar bununla heç vaxt ciddi məşğul olmayıblar. Ona görə də biz çalışacağıq ki, ayrılan vəsaitlə mütəxəssisləri cəlb edək, elmi araşdırmalar aparaq”.

Natiq Cəfərli ittihamçılara bildirib ki, vəsait hakimiyyət tərəfindən deyil, dövlət büdcəsindən ayrılır və özlərini “lider” hesab edənlər adi hökumət və dövlət ifadələri arasındakı fərqi də anlaya bilmirlər

Natiq Cəfərli REAL-ı hədəfə alan radikal müxalifət partiyalarının rəhbərlərini “ağzıgöyçəklər” adlandırıb və bildirib ki, onlara ödənilən vəsait hakimiyyət tərəfindən deyil, dövlət büdcəsindən ayrılır və özlərini “lider” hesab edənlər adi hökumət və dövlət ifadələri arasındakı fərqi də anlaya bilmirlər.

Əslində, normal siyasi fəaliyyət mövqeyi ortaya qoyulursa və həmin fəaliyyət dövlətçilik maraqlarına xələl gətirmirsə, bunu normal müxalifətçilik kimi də qiymətləndirmək olar. Ancaq görünən budur ki, yalnız dağıdıcılıq, anti-dövlətçilik, ölkəmiz əleyhinə işləyən xarici ermənipərəst qurumlarla gizli əməkdaşlıqlar edən və özlərini “ana müxalifət partiyaları” qismində zorla ictimai rəyə sırıyan AXCP, Müsavat kimi təşkilatlar dərhal daxillərindəki daxili düşşmənçiliklərini daha çox izhar etməyə başlayırlar. O cümlədən, onlarla olmayanları dərhal “hakimiyyətə işləməkdə” ittiham etmələri isə əslində onların özlərinin kimlərə, haraya xidmət etmək faktlalrını daha açıq şəkildə ortaya çıxarmış olur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə