Cənubda dəmir yolunun açılması Ermənistan üçün geosiyasi fayda vəd etmir

Mövcud şərtlər altında bölgədəki kommunikasiyaların blokdan çıxarılması Ermənistana logistika qurumu statusu verməməklə yanaşı, həm də ölkənin uzunmüddətli iqtisadi maraqlarını qorumayacaq. SİA erməni mətbuatına istinad edərək bu fikirlərin Ermənistandakı "Enerji Təhlükəsizliyi İnstitutu" analitik mərkəzinin direktoru Vaqe Davtyana məxsus olduğunu bildirir.

Davtyanın sözlərinə görə, bütün problem logistika marşrutlarındadir. Onun sözlərinə görə, əgər kommunikasiyaların açılması Qarsdan Gümrüyə qədər dəmir yolunun başlamasına gətirib çıxarardısa, onda bu, müəyyən dərəcədə Ermənistanın dəmir yolu infrastrukturundan istifadə etməyə və ölkəyə iqtisadi mənfəət gətirməyə imkan verərdi: “...Amma

Hazırda Qars-İqdır-Naxçıvan dəmir yolu marşrutlarının və oradan Meqri, Zəngilan və Bakıya gedən yolların blokdan çıxarılması məsələsi qaldırılır”.

Mərkəz direktorunun fikrincə, bu vəziyyətdə özünü yalnız bir ölkənin mövqeyində görən Ermənistan müstəqil bir geosiyasi varlıq rolunu oynaya bilməyəcək.

Erməni tərəfinin hər hansı bir gündəliyi diktə etmək imkanına malik olmadığını bildirən erməni mütəxəssis, ölkəsinin yalnız geosiyasi mərkəzlərin müəyyənləşdirdiyi prosesdə, sadəcə olaraq, iştirak etdiyini etiraf edir. Onun təbirincə, bu proseslərdən qazanan yalnız Azərbaycan olacaq.

Təsadüfi deyil ki, bir müddət bundan əvvəl Azərbaycan İslahatlar və Kommunikasiya Mərkəzinin nümayəndəsi dəmir yolu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına artıq başlanıldığını və bu layihənin reallaşdırılmasının 434 milyon dollara başa gələcəyini bildirmişdi.

...Bu gün Ermənistanın daxili və xarici legitimlik, eyni zamanda, subyektivliklə bağlı ciddi problemlərlə üzləşdiyini diqqətə çatdıran Davtyan ölkəsinin hər hansı bir gündəmi təklif etmək qabiliyyətindən məhrum olduğunu da gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə