Erməni vitse-spiker müxalifətin seçkilərdən imtinasını bu cür izah etdi İTTİHAM

Alen Simonyan: “Əgər müxalifət razı olmursa, demək, qiyabi olaraq seçkiləri uduzduğunu hesab edir”

Ermənistanın hakim komandası seçkilərdə uduzacağı halda bunu fəlakət hesab etməyəcəyini bildirir və qeyd olunur ki, istənilən halda siyasətdə qalıb növbəti seçkilərdə iştirak edəcək. SİA Sputnik-Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyana görə, hakim elita seçkilərin keçirilməsinin tərəfdarı olaraq çıxış edirsə, müxalifət imtina edir. Sayt yazır ki, bu nonsensdir və əlavə olaraq, Simonyan yaranmış situasiyada müxalifətin özünü əsas pproblem hesab edir.

Adıçəkilən sayta açıqlama verən erməni vitse-spiker qeyd edib ki, istər hakimiyyət, istərsə də müxalifət tərəfindən aparılan sorğulara görə əhalinin 72%-i iqtidarı dəstəkləyir. Onun sözlərinə görə, hakim partiya, ilk növbədə, insanların bundan sonra necə yaşayacağı və nəyi doğru hesab etmələrini öyrənmək məqsədi ilə ölkə əhalisi üçün seçkilər keçirməyi təklif edir.

“Əgər müxalifət razı olmursa, demək, qiyabi olaraq seçkiləri uduzduğunu hesab edir”, deyən erməni vitse-spiker bildirib ki, bundan sonrasını hakim partiya həll edəcək.

Müxalifət xalqı tərənnüm etmir, sadəcə, keçmiş məmurları və onlara mənsub bir neçə böyük oyunçuları təmsil edir

Simonyan eyni zamanda bildirib ki, hakim komandanın növbədənkənar seçkilər keçirmək istədiyi halda, müxalifətin bundan kənarda dayanması paradoksal situasiya əmələ gəlib. Həmçinin, müxalifətin seçkilərin nəticələrinin falsifikasiyaya uğrayacağı barədə fikirlərinə də münasibət bildirən vitse-spiker bu iddiaları absurd adlandırıb və maraqlı məqama toxunub. O, Ermənistandakı azad seçkilərin keçirilməsi praktikasının yenidən pozulacağından ehtiyat etdiyini bildirərək qeyd edib ki, onun özü və komandası üçün qələbə əsas deyil, əksinə, əsas olan budur ki, ölkədə möhkəm hakimiyyət formalaşsın və bu formalaşmanı hər hansı kabinetlərdə gizlənən və nələri isə həll edən keçmiş məmurlar deyil, xalq həyata keçirsin.

O, müxalifəti əsas problem adlandırıb. Belə ki, müxalifət xalqı tərənnüm etmir, sadəcə keçmiş məmurları və onlara mənsub bir neçə böyük oyunçuları təmsil edir.

Simonyanın sözlərinə görə, xalqın nə hakimiyyətdə, nə də müxalifətdə böyük seçimi yoxdur. Bundan əlavə, mövcud hakimiyyəti sevməyən vətəndaşlar yenə də bu hakimiyyətə üstünlük verirlər və bunu belə izah edirlər ki, heç olmasa iqtidar sabiqlərdən ibarət deyil.

Simonyana görə, bu, heç də şərəfli iş deyil

Simonyan onun barəsində səslənən digər fikirlərə də aydınlıq gətirib. Vitse-spiker barəsində danışılan “rusdilli feyklərin kuratoru” iddialarını yalan adlandırıb və ümumiyyətlə, bu kimi məsələlərə heç bir aidiyyatının olmadığını deyib.

“Mən hesab edirəm ki, bu gərəksiz fəaliyyətdir, mən heç vaxt bununla məşğul olmamışam. Sadəcə, mən üzdə oluram və mütəmadi şəkildə media ilə məşğul oluram, mediada müsahibələrə gedirəm. Qərara gəliblər ki, bu mövzunu da mənə yapışdırsınlar”, deyə Simonyan bildirib.

O, qeyd edib ki, belə iddiaların heç biri təsdiqini tapmayıb və hesab edir ki, deməyə sözləri qalmayıb, ona görə də bənzər məsələləri zorən onun üzərinə qoymağa çalışırlar və bu, heç də şərəfli iş deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə