Müasir yol infrastrukturu iqtisadi inkişaf üçün mühüm amildir - SƏRH

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir"

Qələbə ili olan 2020-ci ili yola salaraq bu gün 2021-ci ilə daha böyük nailiyyətlər əldə etmək üçün ilk gündən yenə də xalq-iqtidar birliyi ilə qarşıda duran vəzifələrin inkişafına başlanılıb. Məhz milli birliyimiz və dövlətimizin başçısının bu birlikdən güc alan müstəqil siyasəti qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirini aradan qaldırmağa, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etməyə imkan verir. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən avtomobil-yol təsərrüfatı da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı son on yeddi ildə möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək, dövrün tələblərinə, zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirib.

Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxış edərək bildirib ki, bu sahəyə daima böyük diqqət göstərilir ki, bu gün realllıqlar göz önündədir: "Rəhbərlik edəcəyiniz sahələrə mən daim böyük diqqət göstərmişəm, bu gün də göstərirəm. Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik".

"Yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcək"

“Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq". Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı onu da öir daha bildirib ki, Şuşa yenə də əvvəlki simasına qayıdacaq: "Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!".

"Bir daha demək istəyirəm ki, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və Şuşanın dirçəldilməsi işində öz fəal rolunuzu oynayacaqsınız. Yəqin onu da bilirsiniz və şübhə etmirsiniz ki, Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir", - deyə Prezident İlham Əliyev qeyd edib.

"Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik"

Prezident İlham Əliyev qeyd edib ki, Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik: "Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim". Prezident bildirib ki, çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi: "Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik. Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi".

"Düşmən Şuşada daşı daş üstə qoymayıb, bir bina tikməyib"

"Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir", - deyən Prezident İlham Əliyev bildirib ki, düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib: "Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və

Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz.

Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır".

"Şuşanın itirilməsinin günahkarı AXC-Müsavat cütlüyü idi"

"Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır". Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, o vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi: "AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir".

"Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur", - deyən Prezident İlham Əliyev bildirib ki, digər sahələrə gəldikdə, burada da müsbət dinamika, tərəqqi var: "Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur".

"Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı"

Ölkəmizdə texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu sahədə də böyük işlər görülür: "Bu sahəyə rəhbərlik edən şəxs kimi, Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır. Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər".

"Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi", - deyən dövlət başçısı onu da bildirib ki, müharibədən sonra - hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var: "Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bu müsbət qiyməti, o cümlədən dünyanın aparıcı maliyyə qurumları və Davos Ümumdünya İqtisadi Forumu vermişdir".

"Qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib"

"Gələcək vəzifələrə gəldikdə, əlbəttə ki, bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik", - deyən dövlət başçısı bildirib ki, biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər: "Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq".

"Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub"

Dövlət başçısı çıxışı zamanı bir daha vurğulayıb ki, yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək: "Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub".

Prezident İlham Əliyev bütün sahərlərdə uğurlar əldə olunduğu kimi texnoloji inkişaf sahəsində də irəli getməyin vacib olduğunu deyib: "Buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik. Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar atmalıyıq. Hər zaman öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməsin".

Prezident qeyd edib ki, azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır: "Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır".

"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır"

"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun",-deyən dövlət başçısı bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir: "Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir".

Kadr hazırlığının xüsusi yer tutduğunu deyən Prezident İlham Əliyev onu da bildirib ki, hazırda bu sahədə kifayət qədər peşəkar kadr potensialı yaranmışdır: "Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir. Hesab edirəm ki, sizin nazirliyiniz bu sahədə - təhsillə bağlı müvafiq ali məktəblərlə də sıx təmasda olmalıdır. Kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Ancaq belə olan halda, biz istədiyimizə nail ola bilərik".

"Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanmışdır, Füzuli Hava Limanının inşası başlamışdır. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir",-deyən dövlət başçısı digər layihələrin həyata keçirildiyini də deyib: "Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin. Mən ümid edirəm ki, siz bütün bu vəzifələri şərəflə yerinə yetirəcəksiniz".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə