Ermənilər yenidən qaşınırlar: bu dəfə növbəti “güc strukturu” formalaşdırmaqla HİDDƏT

Ermənilər Xankəndində yenidən fəallaşmağa başlayıblar. SİA erməni KİV-lərinə və teleqram kanallarına istinadən xəbər verir ki, mövcud olmayan “dqr”in qondarma “hakimiyyəti” bu dəfə “struktur” formalaşdıracaqlarını bildiriblər. “Artsaxda” daxili işlər nazirliyi yaradılacaq və fövqəladə hallar nazirliyi ilə polis həmin tərkibə daxil olacaq”, deyə məlumatlarda qeyd olunur.

Bu isə sübut edir ki, separatçı quldurlar bir neçə ay öncə aldıqları ağır və sarsıdıcı zərbələrdən ayılmamış yenidən, sözün əsl mənasında, qaşınırlar. Maraqlıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndində əldə edilmiş razılaşmaya rəğmən, Rusiya sülhməramlılarının nəzarət etdikləri bölgələrə daxil olmaları anından etibarən, ermənilərə məxsus bütün silahlı dəstələr tərksilah olunmalı idi. Təəssüf ki, hələ də bu bəndə riayət olunmur və tamamilə əksinə olan addımlara gedilir, üstəlik, Xankəndində “güc strukturları” yaradılır. Bu isə bütün hallarda yolverilməzdir!

Ümid edirik ki, separatçıların və terrorçuların bu kimi təhrikedici və qanunsuz əməllərinə istər diplomatik, istərsə də digər yöndə lazımi və müvafiq, həmçinin sərt cavablar veriləcək.

Rusiya sülhməramlıları isə üzərlərinə düşən vəzifələrini hərbi təlimlər, məktəblərdə “humanitar” məşğələlər keçirməklə deyil, regiondakı vəziyyəti yenidən gərginləşdirə biləcək bu kimi qanunazidd hərəkətlərin qarşısını almaqla icra edəcəklər.

Xatırladaq ki, bir neçə gün əvvəl separatçılar ikinci Qarabağ müharibəsində istifadə etdikləri silah-sursatlarını da KİV-lər və sosial şəbəkələr vasitəsi ilə nümayiş etdirmişdilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə