"Dostluq" sazişi ilə Azərbaycan Xəzərdə yeni əməkdaşlıq mərhələsi açdı - ŞƏRH ÖZƏL

"Azərbaycanın təşəbbüskarlığı və fəal iştirakı ilə Xəzər dənizində dövlətlərarası əməkdaşlıq üzrə daha bir əhəmiyyətli enerji müqaviləsi imzalandı.Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin videokonfrans formatında Türkmənistan rəhbərliyi ilə "Dostluq" enerji yatağı üzrə imzaladığı saziş Azərbaycanın enerji strategiyasının növbəti uğurlu səhifəsidir. Saziş Azərbaycanla Türkmənistanın Xəzər siyasətinin əməkdaşlıq, qarşılıqlı fayda və anlaşıqlı qonşuluq prinsipi üzərində qurulduğunu bir daha göstərdi. "Dostluq" yatağı üzərində faydalı əməkdaşlıq modelinin rəsmiləşdirilməsi Azərbaycanın çoxdan nail olmağa çalışdığı hədəf idi ."Dostluq " sazişi Xəzər dənizində indiyədək istifadə olunmamış qalmış bütün potensial yataqlar üzrə əməkdaşlıq əlaqələri qurmağın mümkün olduğunu bir daha sübut etdi. Azərbaycan Prezidenti Xəzərin böyük enerji mənbələrinə dair indiyədək həyata keçirilmiş və icra olunan bütün layihələrin perspektiv çağırışlara uyğun seçildiyini bir daha nümayiş etdirdi. Azərbaycanın Xəzər dənizi üzərində layihələri bir-birinin davamıdır, bir-birini tamamlayır və hövzə ölkələrinin səylərinin rifah və tərəqqi naminə birləşdirilməsinə xidmət edir. Müstəqillik dövründə Azərbaycanın bütünlüklə enerji, eləcə də Xəzərin enerji xəritəsinə dair heç bir layihəsi uğursuz olmadı və Xəzərin əməkdaşlıq hövzəsinə çevrilməsinə öz böyük töhfələrini verdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizi hövzəsinin Avropa-Cənub Şərqi Asiya əməkdaşlıq xətti üzərində mühüm məntəqəyə çevrilməsində əvəzsiz rol oynayır və "Dostluq" sazişi nümayiş etdirdi ki, Azərbaycan Prezidentinin Xəzər əməkdaşlıq proseslərində təşəbbüskarlıq və səmərəlilik potensialı tükənməzdir: "Son 15 ildə Xəzəryanı ölkələrin əməkdaşlığı və onların liderlərinin şəxsi münasibətlərində ancaq müsbət dinamika özünü biruzə verir ki, burada Azərbaycan Prezidentinin əvəzolunmaz yaradıcı və birləşdirici rolu danılmazdır. Azərbaycan Xəzərin enerji-iqtisadi potensiallarının üzə çıxarılmasında və problemlərinin həllində bütün regionun rifahını və sabit inkişafını əsas tutduğunu qəti şəkildə sübut edir. Azərbaycan Xəzərin daha səmərəli gələcəyi üçün ən önəmli ölkə funksiyasını inamla davam etdirir".

Ekspert bildirib ki, Xəzəryanı ölkələrin hamı üçün faydalı əməkdaşlıq layihələrinə cəlb olunması prosesinin də əsasını Heydər Əliyev qoyub, İlham Əliyev isə uğurla davam etdirir: "21-ci əsrin əvvəllərində Xəzəryanı ölkələrin münasibətlərində əməkdaşlıqdan daha çox qarşıdurma və inamsızlıq əlamətləri olduğu halda, məhz Azərbaycan liderinin səyləri nəticəsində dövlətlərarası münasibətlərdə əməkdaşlıq və anlaşma meyilləri güclənməyə başladı. Xəzəryanı ölkələr arasında Sovet imperiyasından sonra ilk dövlətlərarası-əvvəlcə ilk ikitərəfli, sonra isə ilk üçtərəfli əməkdaşlıq sazişinin imzalanması birinci növbədə, məhz Azərbaycan liderlərinin müstəsna tarixi xidmətləri sayılmalıdır. Belə ki, 2001-ci il Azərbaycan-Rusiya, 2002-ci il Azərbaycan-Qazaxıstan ikitərəfli, 2003-cü ildə isə Azərbaycan-Rusiya-Türkmənistan üçtərəfli sektoral sazişlərin imzalanması hövzənin dövlətlərarası münasibətlər mənzərəsinin yenidən qurulmasında Azərbaycanın nə qədər təsirli qüvvə olduğunu ortaya qoydu və bu məsələdə Azərbaycan liderinin rolunu kimsə inkar edə bilməz. Bu ikitərəfli və üçtərəfli sazişlər sonrakı mərhələlərdə İran da daxil bütün Xəzər ölkələrinin təmsil olunduğu tam əməkdaşlıq formatının yaranmasında həlledici baza rolunu oynadı. Mübahisəsiz demək olar ki, 2018-ci ildə imzalanmış Xəzərin statusu barədə konvensiya öz başlanğıcını Azərbaycanın illər öncə təşəbbüskarlarından olduğu ikitərəfli və üçtərəfli sazişlərdən götürdü. Azərbaycan Prezidentinin illər öncə dediyi "Xəzərin hüququ statusu yeni-yeni uğurlu əməkdaşlıq layihələrinin start götürməsini şərtləndirəcək" sözlər özünü doğruldur".

A.Quliyev vurğulayıb ki, "Dostluq" sazişi həm də onun ifadəsidir ki, Xəzər əməkdaşlıq layihələrinin uğur qazanmasında hövzə ölkə başçılarının şəxsi münasibətləri həlledici səciyyə daşıyır: "Dostluq sazişinin imzalanması həm də Avropanın enerji təhlükəsizliyi ilə sıx bağlı məsələdir. Bu sazişin imzalanmasından sonra Avropanın enerji isteblişmentinin Azərbaycan Prezidenti ilə əməkdaşlıq səyləri yeni impulslar alacaq. Xeyli vaxtdır ki, yerindən tərpənməz hal almış Transxəzər neft-qaz kəmərlər layihəsinin yeni mərhələyə çıxacağını gözləmək olar. Beləliklə, deyilənlərə yekun vursaq, "Dostluq" sazişinin Xəzər hövzəsi əməkdaşlıqda yeni mərhələ açacağını və investisiya gəlişinə müsbət təsir göstərəcəyini qətiyyətlə söyləmək olar. Azərbaycan bu sazişin imzalanması ilə Xəzərdə yeni dövr açır. Nəzərə alaq ki, söhbət indiyədək mübahisə obyekti olmuş məsələnin həllindən gedir. Demək, Xəzərdə çox az sayda hələ də qalmaqda olan anlaşılmazlıqların həlli dövrü açıldı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə