Ermənistanın tanıması üçün Qarabağda heç bir qondarma qurum qalmayıb - ŞƏRH ÖZƏL

Ermənistanın tanıması üçün Qarabağda heç bir qondarma qurum qalmayıb - ŞƏRH ÖZƏL

"Ermənistan bu günə kimi qondarma "DQR"-i tanımayıb. Lakin Qarabağ Azərbaycanın tərkibinə qaytarıldıqdan sonra bu qondarma qurumu tanımaq barədə sayaqlayırlar. Dağlıq Qarabağda hansı statusdan söhbət gedə bilər? Artıq nə elə bir respublika, nə də elə bir muxtariyyət var. Bunların hər biri artıq virtual anlayışlardır. Biz bu məsələyə son qoymuşuq". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Ekspertin sözlərinə görə, Qarabağda tanımaq üçün bir qurum da qalmayıb: "Azərbaycan öz torpaqlarında yaradılan qondarma bütün strukturları dağıdıb. Ermənilərin "DQR"-i tanımaqla bağlı hədələrinin gündəmə gəlməsinin əsas səbəbi bəzi dəstəkləri hiss etmələrindən irəli gəlir. Rusiya sülhməramlılar görünür onların başına sığal çəkib. Sülməramlıların onlara köməklik göstəməsi və hətta ermənilərin Xankəndinə qayıtması üçün şərait yaratması, evləri təmir etməsi hər birimizə məlumdur. Məhz bu məsələlərə görə, erməni tərəfinin dili uzanıb. Erməni rəsmilərinin müsahibələrində onların boş vədlər verdiklərinin də şahidi oluruq. Bütün bunlar sözün əsl mənasında dəyərsiz sözlər və vədlərdir".

F.Sadıqov vurğulayıb ki, Ermənistanın qondarma "DQR"-i tanıması həm beynəlxalq hüquq normalarına, həm də imzalanmış 3 tərəfli bəyanata ziddir: "Biz başa düşürük ki, bu kimi addımlar ilk növbədə bizim maraqlarımıza zərbə vurmaq istəyidir. Təbii ki, biz belə bir şeyə heç vaxt razı olmayacağıq. Ermənilərin indiki halda bu cür yekə-yekə danışmaqları tamamilə boş şeylərdir. Ermənistan yaxşı olar ki, daxildə baş verən problemləri həll etməyə çalışsın. Daxildə baş verən çaxnaşmalar, bölünən fikir ayrılıqları, hakimiyyətə qarşı xalqın nifrəti kimi məsələlərlə məşğul olmaqları daha məqsədə uyğundur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə