Dərya Akdemir: “Qərbi Azərbaycanlıların problemləri beynəlxalq aləmin diqqətinə çatdırılmalıdır” TƏLƏB

"Qərbi Azərbaycanlılar 1988-ci ilin məşum deportasiya aktını unuda bilməzlər”. Bu fikirləri SİA-ya Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr.Derya Akdemir deyib. Onun sözlərinə görə, tarix boyu, əzəli və əbədi Türk yurdlarında qətliamlar törədən ermənilərin qəsbkarlıq əməllərinə təəssüf ki, hər zaman ikili standartlarla yanaşılıb, faktlar beynəlxalq ictimaiyyət tərəfindən gözardı edilib.

Araşdırmaçı yazarın sözlərinə görə, regionda vəziyyəti gərgin olaraq saxlamaq istəyən qüvvələrin əlində oyuncağa çevrilən ermənilərin törətdikləri vəhşiliklərini unutmağımız əsla və qətiyyən mümkün deyil: "Mənim babalarım o torpaqlardan erməni qətliamından qaçıb Türkiyənin Iğdır şəhərinə gəliblər. Ancaq 1918-ci ildə yenidən ermənilərin Şərqi Anadoluda törətdiyi vəhşiliklərlə üz-üzə qalıblar. Bununla da bitməyib. Qərbi Azərbaycanlıların növbəti əzabları - 1948 - 1953-cü illərdə əhalinin deportasiyası, dolayısı ilə Ermənistanın türksüzləşdirilməsi prosesi davam etdirilib. Ən sonuncu belə hadisə 1988-ci ilin noyabr-dekabr aylarında baş verib ki, bu deportasiya aktından sonra artıq Ermənistan dövləti monoetnik dövlətə çevrilib”.

“Tarixən bu ərazilərdə yaşayan azərbaycanlılar otuz iki il boyunca öz doğma yurd yuvalarına həsrət qalıblar”, deyən Dərya Akdemir hesab edir ki, bu həsrət artıq başa çatmalıdır: “Düşünürəm ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prosesinə hər kəs öz töhfəsini verməlidir. Şanlı Azərbaycan Ordusunun qazandığı qələbə hər kəsin ürəyində bir ümid işığı yandırıb. Bundan sonrakı illərlə öz yurd yuvalarının həsrətini çəkən Qərbi Azərbaycanlılar çox yaxında öz dədə-baba torpaqlarına geri dönəcəklər. Bunun üçün əlimizdən gələni etməliyik. Vaxtilə orada yaşamış və hüquqları pozulan hər bir azərbaycanlının hüquqlarının bərpası üçün var qüvvəmizlə çalışmalı, beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə