"Paşinyan silahlı dəstələr yaradır" Artur Vanesyan

"Paşinyan silahlı dəstələr yaradır" Artur Vanesyan

Paşinyan artıq hüquq-mühafizə sisteminə güvənmir və o, onsuz da silahlı dəstələr yaradır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının lideri Artur Vanesyan 16 noyabr tarixində jurnalistlərə verdiyi müsahibədə söyləyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın bütün addımları hakimiyyəti saxlamağa yönəlib və cinayət işlərinin davam etdirilməsi eyni məntiqə əsasən mümkündür. Partiya sədri qeyd edib ki, Ermənistanda artıq hakimiyyət yoxdur və hüquq-mühafizə sisteminə arxalanmayan Nikol Paşinyan, silahlı dəstələr yaratmaqla siyasi rəqiblərini çəkindirmək niyyətindədir.
“Heç kim insanların iradəsini sərbəst ifadə etməsini cinayət yolu ilə boğmağa çalışmasın. Bütün hüquq-mühafizə sistemini hadisələrin bu cür inkişafının qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırıram. Paşinyan buna icazə vermirsə, hüquq-mühafizə sistemimiz ona qarşı cinayət işi başlatmalı və ədalət mühakiməsinə cəlb etməlidir”, deyə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru əlavə edib.
Nikol Paşinyanın hərbi vəziyyətə görə ictimai asayişi təmin etmək üçün silahlı qüvvələri cəlb etmək hüququna malik olduğunu söyləməsinə də Vanesyan münasibət bildirib.
“Qoy cəhd etsin, nə baş verdiyini görək. Nəticədə silahlı qüvvələr bizə qoşulacaq və Nikol Paşinyana qarşı çıxacaq. Mitinqdə iştirak etmək imkanımı əlimdən almaq üçün bu gün məni Milli Təhlükəsizlik Xidmətinə dəvət etdilər. Çağırışı isə mənə əlavə suallar verməli olduqları ilə əsaslandırdılar”, deyə Artur Vanesyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə