"Prezidentin tarixi mükəmməl bilməsi ona imkan verir ki..." - ŞƏRH ÖZƏL

"Prezidentin tarixi mükəmməl bilməsi ona imkan verir ki..." - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu bütün tarixi mənbələrdə öz əksini tapır və Azərbaycan əcdadlarının məskəni kimi qeyd edilir. Hətta qədim tarixə nəzər yetirdiyimiz zaman görürük ki, qədim yunan, ərəb, fars və digər mənbələrdə bu torpaqların əzəli türk yurdu olduğu, burada qədim türk dövlətlərinin mövcudluğu haqqında kifayət qədər məlumat və təkzibolunmaz faktlar mövcuddur. Yəni 200 il bundan əvvəl Dağlıq Qarabağda ümumiyyətlə erməni olmayıb. Bu gün isə Dağlıq Qarabağın etnik tərkibi tamamilə ermənilərdən ibarətdir, çünki azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilərək onlar öz dədə-baba yurdlarından didərgin salındılar və orada Ermənistan yeni reallıq yaratdı. Bu təkzibolunmaz fakt hətta sovet dövrünün statistikasında da öz əksini tapıb". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç bir fakt qeyd olunmayıb: "Belə ki, bu müqavilə Çar Rusiyası ilə Qarabağ hökmdarı İbrahimxəlil xan arasında bağlanıb ki, burada da ermənilərdən, onların taleyindən bəhs olunmayıb. Etnik ermənilər bölgənin dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə buraya köçürülmüşdülər. Tarixin bu qədər saxtalaşdırılmasına, hətta azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına baxmayaraq Azərbaycan tərəfi bu gün yenə də konstruktiv mövqe nümayiş etdirərək Dağlıq Qarabağda yaşayanların, yəni ermənilərin və azərbaycanlıların sülh və ləyaqət içində yaşayacağına təminat verir. Bunun üçün Azərbaycanın nümunəvi təcrübəsi də mövcuddur. Belə ki, baxmayaraq ki, Ermənistan monoetnik dövlətdir və orada bu gün bir nəfər də olsa azərbaycanlıya rast gəlinmir, Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Azərbaycanda bu gün müxtəlif xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar Bu isə Dağlıq Qarabağda yaşayan ermənilərə zəmanət verir ki, onların təhlükəsizliyi təmin ediləcək, rifah halı daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha firəvan həyat sürəcəklər".

Ş.Həsənova vurğulayıb ki, bütün beynəlxalq platformalarda, konfranslarda erməni “lider”lərinin tarixlə bağlı savadsızlığının, naşılığının, eyni zamanda da saxtakarlığının aşkar nümunəsi olan bu əsassız iddialara Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz məntiqli, tarixi faktlara söykənərək səsləndirdiyi əsaslı fikirlərilə düşmənlərə öldürücü zərbələr endirib: "Bu gün də nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də cənab Prezidentin tarixi mükəmməl bilməsi ona imkan verir ki, bütün bu təkzibolunmaz faktları son dərəcə dəqiqliklə dünya mediasının və ictimaiyyətinin diqqətinə çatdırsın".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə