Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB-3

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Ceyhun Bayramov həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

21:14

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.

***

17:14

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb. SİA-nın məlumatına görə, görüş mətbuat üçün qapalı rejimdə keçirilir.

Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri də iştirak edir.

Qeyd edək ki, görüşdən əvvəl həmsədrlər arasında görüşlə əlaqədar fikir mübadiləsi aparılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə