Son zamanlar Azərbaycanda ürək çatışmazlığının artmasının səbəbləri nədir?

Son zamanlar Azərbaycanda ürək çatışmazlığının artmasının səbəbləri nədir?
Son zamanlar vətəndaşlar ölkədə ürək-damar xəstəliklərinin, ürək çatışmazlığının artıdığını söyləyir və bu da onlar arasında böyük narahatçılıqlara səbəb olur. SİA olaraq bu və ya digər səbəblərə aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrəndik. Bəs görəsən, həqiqətən Azərbaycanda ürək-damar xəstəliklərinin yayılması hansı səviyyədədir? Həkimlər həqəqətənmi bu xəstəliklərin artdığını düşünür və səbəblərini nədə görürlər?

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, Azərbaycanda bu vəziyyət dünyadakı vəziyyətə uyğundur. Onun sözlərinə görə, ölkədə səhiyyənin inkişafına baxmayaraq hələ də ürək-damar xəstəlikləri insanların ölüm səbəbləri arasında birinci yerdədir: "Azərbaycanda ürək damar xəstəliklərində təbii ki, cavanlaşma müşahidə olunur. İndi də daha cavan yaşlı xəstələri müalicə, müayinə edirik. Burada ən böyük məsələ də insanların öz üzərinə düşür. Xəstəliyin cavanlaşmasının əsas səbəbi müasir həyat tərzi, siqaret qəbulu, stres və digər obyektiv səbəblərdir. Ürək xəstəliklərindən qorunmaq üçün hər şeydən əvvəl insanalar özlərinə münasibətdə müəyyən dəyişiklər etməlidirlər. Belə ki, onlar Azərbaycan mətbəxindən bir az uzaqlaşmalı, ət və yağlı məhsullardan, siqaret və digər tütün məmulatlarından daha az istifadə etməli və daha çox fiziki aktivliyi artırmalıdırlar".

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Firdovsi İbrahimov isə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu gün ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayında azalma var. Onun sözlərinə görə, xəstələrin vaxtında xəstəxanaya müraciət etməsində müəyyən irəliləyişlər var və bu da insanların özlərindən asılıdır: "Onlar özlərində müəyyən narahatlıq hiss etsələr də vaxtında həkimə müraciət etmir və bu da mənfi sonluqla nəticələnir. Bu gün bizlərin etməsi gərəkən ən mühüm iş insanların yaşam tərzinin dəyişməsidir. Yəni, onlar yağlı yeməklərdən, siqaretdən və zərərli maddələrdən uzaq olmalıdırlar".

Azərbaycan Kardiologiya Cəmiyyətinin məsul katibi Ruslan Nəcəfov isə mətbuatda hər zaman ürək çatışmazlığı məsələsinə daha çox yer verildiyini söyləyib. O qeyd edib ki, digər ürək xəstəliklərindən olan ölümləri də ürək çatışmazlığı adı altında verirlər: "Amma kardiologiya, ürək cərrahiyyəsində ürək çatışmazlığı tamam başqa anlayışdır. Ümumiyyətlə, bütün dünyada ürək-damar xəstəlikləri üstün mövqe tutub. Məsələn, bütün müasir tibbi avadanlıqlarla təchiz olunan ABŞ-da əhalinin 25%-i ürək xəstəliklərindən vəfat edir. Azərbaycanda isə əvvəllər ürək-damar xəstəliklərindən vəfat edənlərin sayı 16-18% idisə, indi bu rəqəmlər 8-10%-ə enib. Bəzi xəstəxanaların məlumatına görə isə, bu göstəricilər 6% olub. Xəstəxanadan kənarda isə ürək ölümləri həmişə olub və olacaq. Bunun azaldılması qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə