İtaliyanın nüfuzlu AGİ xəbər agentliyi Azərbaycan səfirindən müsahibə götürüb

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin nüfuzlu AGİ xəbər agentliyinin jurnalisti Titti Giammetta-ya müsahibəsi dərc olunub. SİA-nın verdiyi məlumata görə, müsahibəsində diplomat qeyd edib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Azərbaycanın yalnız hərbi mövqeləri yox, eyni zamanda, mülki yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmaqdadır. Bu xüsusda, hazırda Azərbaycan ordusunun gördüyü əməliyyatlar özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləridir. “Məhz Ermənistanın ordusunun belə bir hücumu nəticəsində iki uşaq da daxil olmaqla bir ailənin bütün üzvləri qətlə yetirilib. Bu, Ermənistanın 30 ildir davam etdirdiyi, Dağlıq Qarabağ da daxil olmaqla ərazilərimizin 20%-nin işğalı ilə nəticələnmiş təcavüzkar siyasətinin davamıdır”, deyə M.Əhmədzadə bildirir.

Diplomat bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və həmin ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. “Bu, Dağlıq Qarabağ bölgəsini Azərbaycanın bir hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin pozulması deməkdir”. M.Əhmədzadə vurğulayıb ki, öncəki cinayətkar hərbi xuntanı devirən Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda rəhbərlik dəyişikliyi əvvəllər münaqişənin həllində müəyyən ümidlərə yol açsa da, Ermənistan baş naziri ölkədə inkişaf vədləri yerinə yetirmək iqtidarında ola bilməməsi və xalqının narazılığı fonunda münaqişə ilə bağlı mövqeyini radikallaşdırdı.

“Azərbaycan ordusu bizim ərazilərimizdə və torpaqlarımızı qaununsuz işğaldan azad etmək və mülki əhalimizi qorumaq üçün döyüşür və ordumuzun digər ölkələrin ərazilərində hədəfi yoxdur”, deyə diplomat bildirib. Buna görə də “dünya ictimaiyyətinin Ermənistanın təcavüzkar olduğunu, Azərbaycanın isə yalnız qurban olduğunu başa düşməsi” vacibdir. “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan və münaqişəyə qədər yalnız azərbaycanlıların yaşadığı yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20%-ni hərbi yolla işğal edib. Bu işğal 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan dramatik humanitar fəlakətə gətirib çıxarıb”, deyə diplomat qeyd edir. M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan İtaliya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünün bərpası və azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən işğal edilmiş torpaqlara geri qaytarılmasına dəstək göstərməsi üçün çağırış edir.

"İyul ayında Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasına bir neçə ay qalmış Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən və bütün enerji infrastruktur layihələrinin keçdiyi Tovuz rayonunda Ermənistanın hərbi təxribatları təsadüfi deyildir və bu, Avropa və İtaliya üçün strateji əhəmiyyəti olan bu layihələrin fəaliyyətinə Ermənistanın mane olmaq niyyəti ilə bağlıdır”, deyə diplomat qeyd edir.

İtaliyanın münaqişənin həllinə verə biləcəyi töhfəyə münasibətdə diplomat 1993-cü ildə İtaliyanın o vaxtki xarici işlər nazirinin müavini, ATƏM-in (indiki ATƏT) Minsk konfransının sədri Mario Raffaelli tərəfindən Ermənistanın işğalçı qüvvələrinin geri çəkilməsi üçün təklif hazırlandığını xatırladıb, lakin bu təklifin Ermənistan tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, İtaliyanın münaqişə ilə bağlı institusional yaddaşı var. Digər tərəfdən regionla, xüsusilə də böyük iqtisadi maraqları olduğu Azərbaycanla sıx münasibətləri var. İtaliya və Azərbaycan illərdir ki, siyasətdən

iqtisadiyyata, mədəni və akademik sahələrə qədər 360° əməkdaşlığı əhatə edən strateji tərəfdaşdırlar. “Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri həyata keçirilmiş və səfər vaxtı Baş nazir Cüzeppe Konte ilə imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” də daxil olmaqla, ümumilikdə 28 ikitərəfli sənəd imzalanmışdır. Sözügedən Birgə Bəyannamə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “münasibətlərimizin bütün sahələrini əhatə edən və gələcək əməkdaşlığımızın əsas prioritetlərini müəyyənləşdirən son dərəcə ciddi, hərtərəfli və ətraflı bir siyasi sənəd” olaraq qiymətləndirilmişdir”, deyə diplomat vurğulayır.

M.Əhmədzadə bildirir ki, münaqişənin həlli üçün qurban və təcavüzkar arasında fərq qoyulmalıdır və Ermənistanı təcavüzkar siyasətindən imtina edib Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur etmək beynəlxalq ictimaiyyətin və Minsk Qrupunun, o cümlədən İtaliyanın üzərinə düşür. “Təcrübə onu göstərir ki, münaqişə tərəflərinə tarazlı yanaşmaq və onları eyni səviyyə qoymaq heç bir nəticə vermədi, əksinə, son günlərdə baş verən hadisələrin göstərdiyi kimi Ermənistanın təcavüzkarlıq siyasətini və beynəlxalq hüquqa hörmətsizliyini təsdiqlədi”, deyə diplomat vurğulayır.

Yazıda, eyni zamanda jurnalist Titti Giammetta qeyd edir ki, Azərbaycan, strateji tərəfdaş və Avropa üçün mümkün yeni qaz mərkəzi olan İtaliyaya Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllində müttəfiq kimi yanaşır. Jurnalist əlavə edir ki, İtaliyadan Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsinə muxtariyyət statusu üçün istinad nöqtəsi ola biləcək Trentino Alto Adice kimi bir muxtariyyət modeli təklifi gələ bilər və İtaliya bu məsələyə intensiv formada cəlb oluna bilər. T.Giammetta, eləcə də qeyd edir ki, İtaliya həm də özünün əsas neft tədarükçüsü olan Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu il Cənub Qaz Dəhlizinin tamamlanması sayəsində İtaliya Avropa üçün enerji mərkəzi rolunu qazana bilər. Jurnalist, eləcə də qeyd edir ki, İtaliya Azərbaycan üçün strateji bir ölkədir. Siyasi səviyyədə məhz İtaliya indi Minsk Qrupu adlandırılan ATƏT-in Minsk Konfransının ilk prezidenti olmuşdur.

T.Giammetta eləcə də vurğulayır ki, hazırda yalnız Qafqazdakı sabitlik deyil, eyni zamanda həm də Puliya regionuna çatacaq TAP (Trans Adriatik Boru Kəməri) və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi Cənub Qaz Dəhlizinin infrastruktur layihələri də risk altındadir. Hər iki layihə Avropaya və İtaliyaya çoxlu miqdarda qaz və neft tədarük etməlidir. Cənub Qaz Dəhlizi başa çatdıqdan sonra, Azərbaycan da İtaliyaya qaz tədarük etməyə başlayacaq və TAP işə salındıqda Puliya sahillərinə hər il 8 milyard kubmetr qaz gələcəkdir.

“Bu səbəbdən də indi mühüm olan geosiyasi tarazlıqları, lakin hər şeydən əvvəl enerji ehtiyaclarını risk altına atan böhrana həll yolu tapmaqdır”, deyə jurnalist fikirlərini tamamlayır.

Müsahibəyə keçid aşağıdakı link vasitəsilə mümkündür: https://www.agi.it/estero/news/2020-09-28/ambasciatore-azero-ahmadzada-nagorno-karabakh-italia-9788340/

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə