Yurddaş Partiyası erməni hərbi təxribatı ilə bağlı bəyanat yayıb

Bu gün cəbhədəki son erməni hərbi təxribatı ilə bağlı Yurddaş Partiyası bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, bəyanatda qeyd olunur: "Əziz həmvətənlər! Bu gün, sentyabrın 27-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. İtkilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin! Düşmənin hücumunun qarşısını almaq üçün, Vətənimizin, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçmişdir. Cəbhənin ən gərgin bölgələrində- Tərtər, Ağdam, Füzuli, Cəbrayıl istiqamətində yerləşən ön xətdəki hərbi hissələrimiz, raket və artilleriya bölmələrimiz, hərbi aviasiyamız, zirehli texnikamız və digər qoşun birləşmələrimizin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurulmuşdur. Qısa zaman ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 " OSA" hava hücumundan müdafiə qurğusu məhv edilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, bizim işimiz haqq işidir. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Yurddaş partiyası Ali Baş Komandanın, Sanlı Ordumuzun yanındadır. Partiyamızın minlərlə üzvü silaha sarılaraq, əsgərlərimizin sıralarına qoşulmağa hazırdır. Əmr gözləyirlər! Partiyamız bütün xalqımızı, vətəndaşlarımızı, siyasi təşkilatları, vətəndaş cəmiyyəti institutlarını Milli Birliyə çağırır. Möhkəm birliyi olan xalqa, dövlətə heç kim qalib gələ bilməz! Səbirsizliklə gözlədiyimiz Vətən müharibəsi artıq başlamışdır. Hər birimiz qələbə naminə çalışmalı, Qələbə üçün əlimizdən gələni etməliyik! Biz meydanda tək deyilik. Qardaş Türkiyə, Böyük Türk Dünyası, Pakistan, Ukrayna bizim yanımızdadır. ZƏFƏR yaxındadır! Allah Azərbaycan Əsgərini, Azərbaycanımızı qorusun!

Bütün xəbərlər Facebook səhifəmizdə