Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz zəruri tədbirlər həyata keçirir - ŞƏRH ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında Ermənistanın işğal siyasətini tutarlı arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, bu çıxışın fonunda Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı ilə nəinki özünü növbəti dəfə dünya ictimaiyyətinin gözü önündə gülünc vəziyyətinə saldı, eyni zamanda təmsil etdiyi dövlətin əsil işğalçı mahiyyətini, faşizm ideologiyasına sadiqliyini bir daha göstərmiş oldu: "Necə olur ki, Paşinyan deyir ki, BMT İkinci Dünya Müharibəsində faşizmin üzərində qələbənin nəticəsi olaraq formalaşdı, lakin özü ölkəsində faşizmə rəğbət aşılayır, onu qəhrəmanlaşdırır və Qaragen Nijdeyə 6 metrlik heykəl qoyur? Bu faktın özü Paşinyanın sözü və əməli arasında olan uçurumdan xəbər verir. Əslində, Paşinyanın bu cür çıxışı gözlənilən idi, çünki ilk dəfə deyil ki, beynəlxalq tribunalardan dünyaya öz yalanlarını sırımağa çalışır və dünya ictimaiyyətinin diqqətini öz daxili problemlərindən yayındırıb, onu aldatmağa cəhd edir. Əgər müqayisəli şəkildə analiz etsək bütün beynəlxalq tribunalardan Azərbaycan Prezidenti həqiqətləri söylədiyi halda Paşinyan yenə yalan mexanizminə əl atır". Politoloq deyib ki, bundan əlavə, Paşinyan bildirir ki, Azərbaycan-Türkiyə təlimləri regionda sülhə təhlükədir: "Regionda sülhə təhlükə, onun inkişafına mane olan elə Ermənistan, onun terror siyasəti, Paşinyan rəhbərliyidir. Çünki Ermənistan nəinki təkcə Azərbaycana düşmən siyasət yürüdür, eyni zamanda bu dövlət regionda pozuculuq siyasəti yürüdür və regionun stabilliyinə zərər vurur. Ermənilər nəinki Azərbaycan torpaqlarına iddialıdırlar, bu azmış kimi bölgədə yaşayan digər xalqlara da aqressiv mövqedə dayanır, lazımi məqamlarda qonşu dövlətlərə qarşı lazımi dəstəyi göstərmirlər. Ermənilər gürcü kilsələrinə əsassız iddialar edir, yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər, Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. O zaman sual olunur: kimdir bölgədə barıt çəlləyi funksiyasını daşıyan? Təbii ki, Ermənistan". Ş.Həsənova vurğulayıb ki, bu azmış kimi Paşinyan Azərbaycan Silahlı Qüvvələrini ermənilərin özlərinin törətdiyi iyul təxribatında ittiham edir: "Azərbaycan Prezidentinin də bildirdiyi kimi, Azərbaycan ordusu bir müddət əvvəl sərhəddən çıxarılmışdı. Bu bir daha göstərir ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyəti yox idi. İyul təxribatını törədən, diversiya təxribatının müəllifi olan da məhz Paşinyanın özüdür. Ermənistanın təxribatlarından sonra Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunmağa başlandı. İşğal etdikləri Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimdə "seçkilər" keçirən də məhz odur. Paşinyan Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olduğunu bildirir və Türkiyəni yenidən qondarma "erməni soyqırımı"nda ittiham edir. Bu isə onun hər zaman əl atdığı yalan və böhtandır ki, məhz bu da Paşinyana və Ermənistana xasdır".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...