Latviyanın birinci xanımı Lilita Zatlere Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub

Latviyanın birinci xanımı Lilita Zatlere Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
Azərbaycanda səfərdə olan Latviyanın birinci xanımı Lilita Zatlere mayın 11-də Beynəlxalq Muğam Mərkəzində olub. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Latviya Prezidentinin xanımına dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan xanım Lilita Zatlere burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb və ona musiqi alətləri barədə ətraflı məlumatlar verilib. Latviya Prezidentinin xanımı gənc muğam ifaçılarının çıxışlarını dinləyib, onlarla xatirə şəkli çəkdirib. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Latviyanın birinci xanımı Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə