“Prezident BMT-nin iclasında çıxışı zamanı kəskin münasibət bildirdi” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatinin Sədri Cənab İlham Əliyevnin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında, nasizmi özünün dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi patensial təhlükə mənbəsyinə çevrilməsi faktını və BMT qarşısında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, BMT-nin qəbul etdiyi qətnamələrə, beynəlxalq qanunlara məhəl qoymayan Ermənistana qarşı beynəlxalq təşkilatların bu cür biganə davranışını diqqət mərkəzinə gətirdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədrinin sözlərinə görə, BMT-nin Yüksək Səviyyəli İclasında çıxış edən Prezident İlham Əliyev ilk növbədə beynəlxalq ictimaiyyətə bir daha çatdırdı ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Ermənistan Xocalıda soyqırımı törədib: “Prezident Ermənistan rəhbərliyi tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı kəskin münasibət bildirdi və bunun beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktı olduğunu vurğuladı. Bildiyiniz kimi, son vaxtlar Ermənistan rəhbərliyi yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir, Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə təhdid edir, həmçinin yaxın zamanda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib ki, burada irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Cənab Prezident BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi və bildirdi ki, gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Cənab Prezident bu fikirləri ilə, Azərbaycanın Ermənistanın təcavüzkar ritorika və təxribatlarının cavabsız qalmayacağını bəyan etdi. Hər zaman olduğu kimi, BMT-nin yüksək səviyyəli iclasında da qətiyyətli mövqeyini bildirərək qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə