Azərbaycan BMT məkanında: yeni mərhələ, yeni hədəflər

Prezident İlham Əliyevin tarixi çağırışları: BMT tribunasından səsləndirilən tezislər

Bu günlərdə dünya miqyasında bir-birindən ziddiyyətli proseslərin getdiyi, böyük dövlətlər arasında münasibətlərin daha da kəskinləşdiyi bir mərhələdə BMT-nin Baş Assambleyasının 75-ci sessiyası keçirilib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri qismində çıxış etdi. Bu, dövlət başçımızın BMT-də sayca 6-cı çıxışı idi. Bu çıxışda da Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini Ermənistanın təcavüzkar ritorikasına, törətdiyi təxribatlara yönəldərək BMT-ni və beynəlxalq ictimaiyyəti işğalçı ölkənin növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Bu çağırışa qədər də beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı mahiyyətini gördü.

BMT tribunasından Azərbaycanın dünyaya mesajı - “Bizim bir şərtimiz var, işğalçılar şərtsiz bizim torpaqları qaytarmalıdırlar”

Prezident İlham Əliyev BMT-dəki çıxışı zamanı praqmatik tezisləri ilə Ermənistan rəhbərliyini ifşa etdi, düşmən ölkənin baş nazirinin sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Həmçinin, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin çox böyük olduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında konkret olaraq dedi ki, sizin 7 şərtiniz var, lakin bizim bir şərtimiz var. Dəfələrlə dediyimiz kimi, o şərt də ondan ibarətdir ki, qeyd-şərtsiz, sözsüz bizim torpaqlar geri qaytarılmalıdır: «Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu çıxışı ilə artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü. Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. “Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”

Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir: “Mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Onu da vurğulamaq lazımdır ki, dünya üzrə 182 ölkə arasında Azərbaycan dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, bu Prezident İlham Əliyevə, həm Azərbaycanın dövlət başçısına, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Bir sözlə, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə