Şimali Kiprin Xarici işlər naziri Özersaydan Pompeo və Esperə - MƏKTUB

Şimali Kiprin Xarici işlər naziri Özersaydan Pompeo və Esperə - MƏKTUB

Şimali Kiprin Baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay, ABŞ dövlət katibi Michael R. Pompeo və müdafiə naziri Mark Esperə məktub göndərib. SİA-nın məlumatına görə, Nazir Özersay məktubunda Kipr Rum İdarəsi və Yunanistana yaxınlığı və qərəzli fikirləri ilə tanınan ABŞ Konqresinin üzvləri Frank Pallone, Gus Bilirakis və Carolyn Maloney tərəfindən ada ətrafında təbii qaz axtarışı mövzusunda ABŞ Xarici İşlər və Müdafiə Nazirlərinə göndərilən məktubda yer alan yalan iddialara cavab verib. Özersay, Kiprli Türklərin adanın ətrafındakı təbii qaynaqların bərabər sahibləri olduqlarını və bu səbəbdən də təbii qaynaqlara dair bütün qərarların Kiprli Türklər və Kiprli Rumlar tərəfindən qəbul edilməli olduğunu bildirib.

Özersay, Kipr Rum tərəfinin Kiprli Türklərin bərabər hüquqlarına baxmayaraq və Kipr Türk tərəfinin bütün etiraz və xəbərdarlıqlarına baxmayaraq 2000-ci illərdən bəri tək tərəfli və qeyri-qanuni fəaliyyətlərdə israr etdiyini, adadakı və bölgədəki gərginliyin səbəbinin Kipr Rum tərəfinin təxribatçı münasibəti olduğunu qeyd edib.

Nazir Özersay, Kipr Rum tərəfinin birtərəfli təşəbbüslərində israrlı olduqlarını və Şimali Kipr türk xalqının ortaq qərar qəbul edilməsində iştiraklarını təmin edilməsi məsələlərində iş birliyindən imtina etməsi səbəbiylə ŞKTC-nin öz hüquqlarını və mənafelərini qorumaq və daha da irəliyə aparmaq üçün Türkiyə Respublikası ilə kontinental şelf delimitasiya müqaviləsi imzaladığını və Türk Petrolları Korporasiyasına təbii qaz araşdırması üçün səlahiyyət verdiyini xatırladıb.

Bundan əlavə, Kipr Türk tərəfinin 2011, 2012 və nəhayət 2019-cu ildə təbii qaz axtarış işlərində əməkdaşlıq üçün Kipr Rum tərəfinə vicdanla təkliflər verdiyini, lakin Kipr Rum rəhbərliyinin bu təklifləri qəbul etmədiyini bildirən Özersay, idarəetmə və sərvəti Kiprli Türklərlə paylaşmaqdan imtina edən Kipr Rum tərəfinin bu zehniyyətinin 52 ildir Kipr probleminin həllinin qarşısını aldığını vurğulayıb.

Özersay, bexnəlxalq ictimaiyyətin, yuxarıda adı çəkilən Amerika Konqresinin üzvlərinin etdiyi kimi Kiprli Türklərin adadakı hüquqlarını görməzdən gələrək Kipr Rum tərəfinə verdiyi dəstəyin Rumların barışmaz münasibətini artırdığını diqqətə çatdırıb.

Nazir Özersay məktubunda, Kipr Türk tərəfinin karbohidrogen ehtiyatları daxil, adaya aid bütün məsələlərin əməkdaşlıq, diplomatiya və dialoq yolu ilə həll olunmasına tərəfdar olacağını vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə