Hərbiçilərin cəzalandırılması ilə bağlı əsl mahiyyət ortadadır - ŞƏRH ÖZƏL
"Ermənistanın kəşfiyyatçı diversantlarının zərərsizləşdirilməsində iştirak etmiş bir neçə hərbiçimizin sonradan tam başqa motivlə məsuliyyətə cəlb olunmasının ətrafında monipulyasiyalar və manevrlər qəti şəkildə yolverilməzdir. Bu qanunsuzdur və Azərbaycan dövlətinin mənafelərinə tamamilə ziddir. Həmçinin bu cür şərhlərin verilməsindən mümkün qədər yayınmaq lazımdır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
O, söyləyib ki, Azərbaycan dövlətinin Ermənistan təcavüzünə qarşı apardığı mübarizə və Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması tamamilə beynəlxalq hüquq normalarına, eyni zamanda daxili qanunvericiliyə, eləcə də müharibə qanunlarına və humanitar prinsiplərə tamamilə uyğundur: "Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın kəşfiyyatçı diversantlarının ifşa olunmasına görə, kimlərinsə təqib olunmasını qəti şəkildə yolverilməz hesab edir. Bizim hərbiçilərimizin də məsuliyyətə cəlb olunması heç də bəzilərinin məsələni dolaşdırmaq cəhdlərində ortaya qoyduqları kimi deyil. Yəni, bu məsələnin mahiyyəti heç də ondan ibarət deyil ki, onlar Ermənistanın kəşfiyyatçı və təxribatçılarını zərərsizləşdirdiklərinə görə məsuliyyətə cəlb olunublar. Verilən bu şərhlərin heç bir reallığa və obyektibliyə uyğunluğu yoxdur".
A.Quliyev vurğulayıb ki, bəziləri məsələnin məhz bu cür çatdırılmasında maraqlıdırlar ki, guya Ermənistan kəşfiyyatçılarının zərərsizləşdirilməsində fəal iştirak edən Azərbaycan hərbiçiləri cəzalandırılıb: "Ancaq həmin hərbiçilərin cəzalandırılması ilə bağlı əsl mahiyyəti Müdafiə Nazirliyinin rəsmi açıqlaması ortaya qoydu. Məsələ ondan ibarətdir ki, Ermənistan hərbiçilərinij ifşa olunmasından sonra onlarla bağlı müəyyən video və şəkillərin yayılması tamamilə qanunsuzdur. Bu aparılan həm hərbi əməliyyatların prinsiplərinə uyğun deyil, həm də qanunvericiliyin müəyyən tələblərinə qəti şəkildə ziddir. Ona görə, Ermənistanın kəşfiyyatçılarının ifşa olunması ilə bağlı informasiyalar ətrafında şərhlər verərkən burada incə nüanslara diqqət etmək lazımdır. Söhbət Azərbaycan dövlətinin mənafelərinin müdafiəsindən gedir. Bu kimi hadisələr barədə şərh verərkən ilk növbədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinad edilməlidir. Çünki bu məlumatlar həm erməni kəşfiyyatçılarının ifşa olunmasının, həm də bu ifşaolunmadan sonra hadisə ilə bağlı informasiyaların verilməsi kontekstində əsl həqiqəti və mahiyyəti ortaya qoyur".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB