"Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir" - PREZİDENT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə əldə olunan nailiyyətlərdən danışaraq bildirib ki, koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur: "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş tədbirlər müsbət nəticə əldə etməyə imkan verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq".

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir: “Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən və görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir. Tədbirlər ciddi nəticələr verməkdədir. Sevindirici haldır ki, artıq bu gün koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir. Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir.

Dövlət başçısı çıxışı zamanı diqqətə çatdırdı ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır.

Prezident əlavə edib ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.

Həmçinin onu da qeyd etmək lazımdır ki, pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

"Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir"

Dövlət başçısı koronavirusla bağlı yaranmış bu rejimin nə vaxta kimi davam edəcəyinin məlum olmadığını deməklə, onu da bildirib ki, virusa yoluxmanını səbəbi insanların məsuliyyətsizliyidir: "Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik".

Bir sözlə həmin adamlar bir daha bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə