“Əbədi birliyimiz qarşısında mənfur qüvvələr əyilməyə məcbur olurlar” ÖZƏL-MÜNASİBƏT
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi hər iki dövlətin mənafeləri üçün çox faydalıdır. Çünki, bir millət, iki dövlət olan ölkələrimizi tarixi köklər, qan qardaşlığı, möhkəm və sarsılmaz dostluq telləri birləşdirir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, əsrlərlə bir-birinə dayaq olan, sevinclərini, dərdlərini yarı bölən xalqlarımızın həmrəyliyi, birliyi düşmənlərimizi ciddi narahat etsə də, bu qardaşlığı sarsıtmağa cəhdlər göstərilsə də, dövlətlərimizin əbədi birliyi qarşısında mənfur qüvvələr əyilməyə məcbur olurlar.
“Bu gün Türkiyə və Azərbaycana qarşı xarici təsirlərin gücləndiyi, dövlətlərimizin inkişafına qısqanclıqla yanaşıldığı bir vaxtda ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi dövrün, zamanın zərurətindən irəli gəlir və bu, mövcud reallıqların nəticəsidir. Çünki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və erməni təcavüzkarları yeni torpaqlar zəbt etmək məqsədi ilə hər gün sərhədlərimizdə təxribatlar törətməyə can atır, günahsız insanları qətlə yetirir, yeni tələfatlara yol açırlar. Ermənistan rəhbərləri Türkiyəyə qarşı münasibətdə də əsrlərdən bəri düşmən mövqeyindədirlər və daim qardaş dövləti şantaj edir, zəiflətmək, gözdən salmaq üçün min bir hiyləyə əl atırlar. Sözsüz ki, onlar bu sahədə öz havadarlarına arxalanıb çirkin əməllərini həyata keçirirlər. Əlbəttə ki, Türkiyə də, Azərbaycan da düşmənlərin niyyətlərini yaxşı anlayır, son illərdə güclənən təsirlərin müqabilində birləşməyi, hərbi əməkdaşlığı inkişaf etdirməyi düzgün yol kimi qiymətləndirir. Birgə hərbi təlimlərin keçirilməsi, hərbçilərin qarşılıqlı əlaqələri, görüşləri, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi buna nümunədir və bu xalqlarımızı sevindirir. Çünki, başqa yol yoxdur. Hər iki qardaş dövlətin nicatı, gələcəyi birliyimizdə, həmrəyliyimizdə, düşmənlərimizə qarşı bir mövqedən çıxış etməyimizdədir. Bu ölkələrimizin təhlükəsizliyi, xalqların xoşbəxtliyi üçün çox vacibdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB