"Nabukko" qaz kəmərinin inşası 2017-ci ilədək təxirə salındı

"Nabukko" qaz kəmərinin inşası 2017-ci ilədək təxirə salındı
Rusiya ərazisindən yan keçməklə Xəzər ətrafından və Orta Asiyadan Avropa İttifaqına doğru uzanan "Nabukko" qaz kəmərinin inşasına başlanması daha 2 il uzanaraq 2017-ci ilədək təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "Nabukko" layihəsinin inşa konsorsiumunun rəhbəri Reynxard Miçak bildirib.

Bu gün Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ettinger də öz növbəsində bəyan edib ki, "bu təxirə salınma ilk növbədə onunla bağlıdır ki, hələlik həmin magistralda istehsalçılardan qaz alınması üçün yetərli sayda müqavilə yoxdur". O, eyni zamanda qeyd edib ki, "Nabukko" layihəsinin tərəfdarları "Azərbaycana ümid bəsləyirlər".

İnşasının hazırlığına 2002-ci ildən başlanan qaz kəmərinin planlaşdırılmış gücü ildə 31 mlrd. kubmetr qaz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə