“Ermənistanın girovluğundakı azərbaycanlıların hər günü işgənlərlə keçir” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan hərbçilərinin uğurlu taktiki hərbi əməliyyatı nəticəsində, avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növəti təxribatının qarşısının alınması zamanı döyüşlərdə erməni diversiya qrupunun komandiri, baş leytenant, Qurgen Alaverdyan əsir götürülüb.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri xatırladıb ki, bu ilk hadisə deyil və 2014-cü ilin avqust ayında Karen Petrosyan, həmin ilin dekabrında Arsen Baqdasaryan, 2018-ci ilin iyulunda Qazaryan Karen erməni diversantları qoşunların təmas xəttini keçərək təxribat törətməyə cəhd göstərdikləri zaman əsir götürülmüşdür.
“Hazırda Ermənistanın mediasında bir neçə gün öncə əsir görtürülmüş erməni diversant Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər gündəmdədir. Bu vaxta qədər Ermənistan tərəfi əsir və girovların dəyişdirilməsinə bağlı mövqeyi dəyişilməz idi. Lakin ilk dəfədir ki, erməni diversiya qrupunun komandiri, baş leytenant, Qurgen Alaverdya əsir düşdükdən sonra erməni tərəfidən əsir və girovların dəyişdirilməsi ilə bağlı fikirlər irəli sürülür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycan dövlət rəsmiləri tərəfindən əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinə rəsmi Bakının hazır olduğunu dəfələrlə bildirib. Düşünürəm ki, hazırkı vəziyyət bu məsləni yenidən gündəmə gətirə bilər, əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi tərəflər arasında yenidən müzakirə obyektinə çevrilə bilər.
Altı ildir ki, azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılmaqdadır. Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin təşkil etdiyi “məhkəmə” tərəfindən Dilqəm Əsgərov “ömürlük”, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda hər bir günü işgənlərlə keçir. Mediada yayılan fotolar, videolar, onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.
30 ildən çoxdur Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları, hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri öz doğma yurd-yuvalarından didərgin salınıb. 3888 Azərbaycan vətəndaşı itkin düşüb, girov götürülüb; onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş və girov götürülmüşdür”, deyə Nüşabə Məmmədova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB