Məşhur Məmmədov: “Prezidentin çıxışı hər kəs üçün mesajdır" - MÖVQE

Məşhur Məmmədov: “Prezidentin çıxışı hər kəs üçün mesajdır" - MÖVQE

“Prezident İlham Əliyevin çıxışı cəmiyyətin bütün üzvləri - ziyalılar, dövlət qulluqçuları - hər kəs üçün mesajdır”. Bunu "SƏS" qəzetinə açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib.

M.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar rayon icra hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı bir çox məqamlara toxunduğunu deyib: “Xüsusilə dövlət başçısının məmurlara tutduğu irad məqsədəuyğun idi. Prezident İlham Əliyev hər zaman söylədiyi “biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşması ən əsas məsələ kimi vurğulanıb. Azərbaycan dövlətinə, dövlətçiliyinə, hər bir Azərbaycan vətəndaşına olan təhlükənin, təhdidin qarşısını almaq üçün hər bir məmur cavabdeh olmalıdır. Dövlət başçısı bütün məmurları işlərində hər şeyin qanun çərçivəsində həyata keçirmələrini bildirib. Lakin dövlət başçımızın dediyi kimi, bəzi məmurların özlərini ağa, xan kimi aparması, insanlara yuxarıdan aşağı baxması yolverilməzdir. Cənab Prezident hər zaman bunu deyir, məmur vətəndaşlarla münasibətini dəyişməlidir. Məmurun vəzifəsi Prezidentin təyin etdiyi şəxs olaraq əhaliyə xidmət etməkdir. Dövlət başçısı deyib ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir”.

“Təəssüf doğuran odur ki, bəzi məmurların bunu dərk etmədikləri üçün bir sıra problemlər yaradılır. Dövlət başçısı da çıxışı zamanı bildirdi ki, bəzi dövlət məmurları özlərini apara bilmir, qanunları, cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozur, özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Bu gün ölkənin Prezidenti özünü bütün Azərbaycan xalqının xidmətçisi hesab edirsə, həm məmurlar, həm də biz millət vəkilləri də hər birimiz vətəndaşın, seçicinin xidmətçisi, qulluqçusu olmalıyıq”, deyə millət vəkili vurğulayıb.

M.Məmmədov Prezident İlham Əliyevin görüş zamanı Azərbaycanda şəffaflığın təmin olunmasına da toxunaraq bildirib ki, hər şey qanun çərçivəsində olmalıdır və yerli icra orqanlarının vətəndaşlarla rəftarı tamamilə dəyişməlidir: “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.

Millət vəkili bildirib ki, ölkə Prezidenti çox yaxşı bilir ki, dövlət qurumlarında işlər hansı şəkildə reallaşdırılır, həyata keçirilir: "Burada məqsəd onların nəticə götürməsidir. Cənab Prezident ictimaiyyət nümayəndələri ilə görüşdə hər zaman onların problemləri ilə yaxından maraqlanır, fikirlərinə böyük önəm verir. Bu baxımdan ölkə başçısı hər zaman qeyd edir ki, məmurlar xalqın xidmətçilərdir. Məmur qüsurlu hallara yol verməməyə çalışmalıdır. Düzdür, iş olan yerdə müəyyən nöqsanlar olur. Amma qüsurlar bilərək və bilməyərəkdən ola bilər. Ümumiyyətlə, Prezident İlham Əliyevin məmurlarla bağlı söylədiyi irad və tövsiyələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və buna böyük dəyər verilir. Bir sözlə, bu gün hər bir kəs özündə məsuliyyət hiss etməli, dövlətin etibarını doğrultmaq üçün əməlində bunu göstərməlidir. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox, ona göstərilən etimadı doğrultmağa çalışmalıdır”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə