Görünür radikal müxalifət Avropadakı vəziyyətdən xəbərsizdir - MÖVQE ÖZƏL

"Gültəkin Hacıbəylinin "Karantinin uzanması və xalqın güzaranının pisləşməsi bizə sərf edir. Biz buna sevinməliyik" ifadəsi özü-özlüyündə humanistlikdən uzaq bir düşüncə tərzidir. Ən azından bu gün bizlər bir-biriməzə dəstək olmalı, yardım göstərməliyik. Bununla da həmrəylik nümayiş olunmalıdır. Pandemiya dütün dünyanı cənginə almış bir böhrandır. Müxtəlif ölkələr üçün bu dövr böhranlı vəziyyət yaradıb. Eyni zamanda dünyanın ən inkişaf etmiş ölkələrində, məsələn ABŞ-da, Avropada ve digər dünya ölkələrinin hər biri iqtisadi, sosial və bir çox sahədə böhranla əlaqədar çıxılmaz vəziyyətdə qalıblar". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkələri də öz növbəsində vəziyyətdən çıxmaq üçün bir çox tədbirlər görürlər: "Orada müxalif və iqtidar qüvvələri birləşərək vəziyyətdən çıxış yolu axtarırlar. Bütün bu yaşananlar kimsə üçün sirr deyil. Belə vəziyyətdə əlbəttə ki, əgər onlar Avropaya üz tutub, Avropadan nümunə götürürlərsə, nümunənin biri də məhz budur. Sosial problemlərin aradan qaldırılması yönündə iqtidar- müxalifət həmrəyliyi, müxtəlif partiyaların əməkdaşlığı kimi məsələləri niyə gündəmə gətirmirlər? Təbii ki, radikal müxalifətin bu cür yanaşmaları onların iç üzünü, məqsədlərini açır. Azərbaycanda pandemiya səbəbindən sosial problemlərin olmasından, insanların güzaranının pisləşməsindən xeyr güdmək ağıla-məntiqə sığan məsələ deyil".

İ.Vəlizadə bildirib ki, Arif Məmmədovun Avropanın məlumatlandırılması ilə bağlı fikrinə gəldikdə isə Avropanın məlumatlandırılması özü-özlüyündə onlara nə verəcək? "Yəni, Avropa və ya hansısa dairələr Azərbaycan haqqında hansısa məlumatı bilib neyniyəcəklər? Vəziyyətin dəyişməsi üçün yardım göstərəcəklər və ya qarışıqlıq meydana gəlməsi üçün çalışacaqlar? Bu yanaşma hansı düşüncə tərzinin məhsuludur? Yenə də, deyirəm belə çıxır ki, görünür radikal müxalifətin özünün Avropada gedən proseslərdən xəbəri yoxdur. Avropa dövlətlərinin hər birinin öz başı öz problemlərinə qarışıb. Öz sosial-iqtisadi problemlərini həll etmək üçün təcili addımlar atırlar. Başqa ölkələrdəki vəziyyət onlar üçün maraqlı deyil. Hər nə olsa da belə, bu cür düşüncə tərzi çox təəssüf doğuran bir məsələdir. Təəssüf ki, radikal müxalifət illər boyu öz acınacaqlı vəziyyətlərindən dərs götürməyib".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə