Azərbaycanlı alim Misir qəzetində erməni vandalizmindən yazıb

Misirin “Aldiplomasy” internet qəzetində AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının erməni vandalizmi haqqında “Eurasia Diary” portalına müsahibəsi dərc edilib. SİA-nın məlumatına görə, tarixçi alim bildirir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırma aparmasına, Azərbaycan xalqına məxsus maddi mədəniyyət abidələrini təhrif və məhv etməsinə, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qərar və hesabatlarında, xarici və yerli KİV-də, bir çox tədqiqatlarda öz əksini tapıb.

“Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə olunması, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib”, -deyə müsahibədə vurğulanıb.

Misirli oxuculara ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyinin müəyyən edilməsi, Azərbaycanın məlumatlarına görə isə bu rəqəmin 13 mindən artıq olması barədə də məlumat verilib. Əlavə olunub ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndinin məskunlaşdırılmasına dair məxfi əmr verilib. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı.

Müsahibədə işğalçı Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasəti bərədə faktlar əsasında ətraflı məlumat verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...