"Bu cür təşkilatların arxasında erməni lobbisi dayanır" ÖZƏL - AÇIQLAMA

"Human Right Watch, Freedom House və digər təşkilatların arxasında güclü siyasi maraqlar dayanır. Daha zəif ölkələrin siyasi dairələri bu təsisatlarla üz-üzə gəlmək istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Human Right Watch təşkilatının məruzələrinə qarşı artıq dünyanın müxtəlif yerlərində skeptiv yanaşma mövcuddur: "Bu təşkilat daha nüfuzlu siyasi dairələr tərəfindən alət kimi istifadə olunur. Onun tənqidləri konkret məqsədlərə hesablanıb və konkret ölkələrə qarşı aparılır. O ölkələrə qarşı ki, onların siyasəti və beynəxlalq aləmdə izlədiyi yol müstəqil həyata keçirilir və yalnız öz maraqlarına söykənir. Azərbaycan da belə ölkələrdən biridir, hansı ki, həm daxili, həm də xarici siyasəti öz maraqlarına uyğun qurulub, öz milli maraqlarının təmin olunmasına çalışır. Bir çox hallarda, bir çox ölkələr belə siyasət aparmır. Onlar üçün müxtəlif təsisatların rəyləri qiymətli sayılır. Həmin siyasi məruzələrə görə müxtəlif ölkələr rəhbər dairələri öz siyasətini dəyişirlər. Bu bəlli səbəblərə görə baş verir. Çünki, Human Right Watch, Freedom House və digər təşkilatların arxasında güclü siyasi maraqlar dayanır. Daha zəif ölkələrin siyasi dairələri bu təsisatlarla üz-üzə gəlmək istəmirlər. Özlərini sığortalayaraq bu təsisatlara güzəştə gedirlər. Bu praktika bəllidir və illərdir ki, həyata keçirilir".

Ekspert vurğulayıb ki, Azərbaycan siyasəti və mövcud maraqları bu təsisatların arxasındakı qrupların maraqları ilə üst-üstə düşmür: "Bu təsisatlar Azərbaycanı idarə olunan vəziyyətə gətirmək istəyir. Onlar Azərbaycan hakimiyyətinə və siyasətinə təsir göstərmək niyyətindədirlər. Lakin, bu, mümkün olan bir şey deyil. Xüsusilə də, Dağlıq Qarabağ məsələsində biz heç kəsə güzəştə gedən deyilik. Üstəlik, bu cür təşkilatların arxasında erməni lobbisi dayanır və onlar bunu gizlətmir, açıq etiraf edirlər".

İlqar Vəlizadə qeyd edib ki, Azərbaycanın ən ağrılı və yaralı problemi qaçqın problemi olaraq qalır və belə təsisatlar bu problemlərə heç məhəl qoymur və maraqlanmırlar da, bu isə yolverilməzdir: "Bu işğalçı siyasətə bəraət qazandırmaqdır. Belə vəziyyətdə həmin təsisatların mətbuat orqanlarında dərc etdiyi məqalələrin məqsədi müxtəlif ölkələrin cəmiyyətlərində çaşqınlıq yaratmaqdan, dünya ictimaiyyətində Azərbaycana qarşı rəy formalaşdırmaqdan ibarətdir. Beynəlxalq ictimaiyyəti düzgün istiqamətdə məlumatlandırmaq üçün isə əlbəttə ki, ölkəmizin diaspora nümayəndələri, həmçinin, Azərbaycanla sıx işləyən ekspert və siyasətçilər mühüm rol oynamalıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə