"Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı" Sədaqət Vəliyeva

“Ermənistan sərhəd təxribatı törətməklə ən böyük səhvini etmiş oldu. Azərbaycan ordusunun qətiyyətli zərbələri nəticəsində Ermənistan böyük zərbələr aldı və İrəvan artıq bu təxribatın hesabını ödəməyə başlayıb. Ciddi siyasi böhranı müşahidə edən ağır iqtisadi şərait və koronavirus pandemiyasının əsarəti Ermənistanı tamamilə iflas həddinə gətirib. Bu isə Paşinyan hakimiyyəti üçün böyük təhdiddir”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, İrəvan bu təxribatın hesabını artıq ödəməyə başlayıb. Ordumuzun əks-zərbəsi ilə düşmən geri oturdulub, hətta Ermənistanın olduqca ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalması barədə də önəmli məlumatlar mövcuddur: “Sərhəd təxribatının qarşısının alınması nəticəsində Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı. Paşinyan hakimiyyəti qarşıya qoyulan hədəfə çatmaq şansını itirdi, eyni zamanda özü üçün daha ağır əlavə problemlər də yaratdı. Paşinyan qısamüddətli hərbi avantüra ilə Ermənistan daxilində siyasi situasiyanı nəzarətdə saxlamağa ümid bəsləyirdi. Lakin vəziyyəti daha da ağırlaşdırdı. Sərhəddə hazırda sabitlik olmasına baxmayaraq, Ermənistan daxilində siyasi və iqtisadi böhranın dərinləşməsi ilə Paşinyanın hakimiyyətdən qovulması ssenarisi ilə də qarşılaşa bilərik. Çünki hakimiyyətə gələrkən verdiyi populist vədlərin heç birini yerinə yetirə bilməyən Paşinyan xalqın etimadını tamamilə itirmiş durumdadır”.

Sədaqət Vəliyeva əlavə edib ki, Paşinyan cəbhə bölgəsindəki hərbi təxribatlarla Ermənistan əhalisi arasında xarici düşmən xofu yaratmaq niyyətində idi: “O, bununla da özünə qarşı xalq qəzəbini müvəqqəti də olsa, arxa plana keçirmək istəyirdi. Amma göründüyü kimi, vəziyyət Paşinyanın istəyinə uyğun getmədi. Bəlkə də, bununla da xarici təhlükə faktorunu qabartmaqla müxalifətin fəaliyyət imkanlarının məhdudlaşdırılması və şantaj olunaraq repressiya prosesinin gücləndirilməsi baş tutmayacaq”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə