“Təxribatın icraçıları və sifarişçilər üzə çıxarılacaq və onlar cəzalarını alacaqlar” RƏY-ÖZƏL

“Təxribatın icraçıları və sifarişçilər üzə çıxarılacaq və onlar cəzalarını alacaqlar” RƏY-ÖZƏL

“Ötən gecə yaşananlar təbii ki, hər birimizdə acı və dərin təəssüf hissi doğurdu. Təxribata və təxribatçılara yol, imkan verilməməli idi. İnanıram və əminəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanları həmin təxribatın icraçılarını, təşkilatçılarını, iştirakçılarını, sifarişçilərini araşdıracaq, təxribatçıların bir-bir kimliyini, kim olduğunu üzə çıxaracaq, onlar lazımi və gərəkən cəzalarını alacaqlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, güclü, qüdrətli, demokratik, qanunlarla idarə olunan bir ölkədə yaşayırıq və heç kimə də özünü hüquqdan, qanunlardan yuxarı aparmağa razı ola, imkan verə bilmərik: “Şəhidlərimiz, igidlərimiz, Qarabağımız bizim müqəddəs dəyərlərimizdir, heç kim və heç kim o dəyərlərə, o müqəddəslərə, müqəddəsliklərə toxuna, onlara hörmətsizlik edə bilməz. Biz buna xalq, millət, dövlət olaraq imkan verə bilmərik, imkan verməmişik, imkan vermirik, bundan sonra da imkan verməyəcəyik. Kimsə bizim diqqətimizi əsas məsələlərdən, torpaq, Qarabağ məsələlərindən yayındıra bilməz və bilməyəcək. “Bizim başlıca hədəflərimiz onlardır-ərazi, torpaq bütövlüyümüzün təmin edilməsi, Qarabağımızın, murdar, alçaq erməni işğalında, tapdağında olan digər yurd yerlərimizin işğaldan azad olunması, bütün ölkə boyu üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımızın dalğalanmasıdır. Bu müqəddəs yolda, bu haqq mübarizəsində də hamımız xalq olaraq, birik, birlikdəyik və birlikdə də olacağıq. Dövlətimizlə, Ordumuzla, Sərkərdəmizlə-Ali Baş Komandanımızla yan-yana, çiyini-çiyinəyik. Hamımız dövlətimizin, Ali Baş Komandanımızın əmrlərini gözləyirik, hamımızı döyüşməyə, vuruşmağa, torpaqlarımızı qorumağa, işğaldan azad etməyə hazırıq. Çünki bu vətən, bu dövlət, bu torpaq bizimdir. Eyni zamanda, bu haqq savaşında, Qarabağ mübarizəsində bizimlə birgə olanları, həmrəylik nümayiş etdirənləri, dəstək göstərənləri də qiymətləndirməliyik və qiymətləndiririk. Xüsusilə də, qardaş və dost Türkiyənin, Türkiyə dövləti və rəhbərliyinin bu haqq işində bizimlə birgə, bizim yanımızda olmalarından məmnunluq duyuruq. Biz iki dövlət, bir millət, qanımız da, canımız da, ruhumuz da birdir. Hər zaman bir olmuşuq, bundan sonra da bir olacağıq və birlikdə bütün düşmənlərimizin kürəyini yerə vuracağıq”.

E.Səlimov qeyd etdi ki, Türkiyə dövlətinə, Xarici İşlər Nazirliyinə, cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğana, Xarici işlər naziri Mövlud Çavuşoğluna dəstəklərindən dolayı minnətdarlığımızı, təşəkkürlərimizi bildiririk: “Bunları heç zaman unutmayacağıq. Hər zaman Azərbaycanın yanında olublar, dəstək veriblər və bu, daim belə olacaq, həm də qarşılıqlı şəkildə. Eyni zamanda, dost və strateji müttəfiqlərimiz olan Pakistana və Ukraynaya birmənalı mövqelərinə, Azərbaycanla növbəti dəfə həmrəylik göstərdiklərinə görə, minnətdarlığımızı ifadə edir, əlaqələrimiz, münasibətlərimiz, dostluğumuz bundan da sonra yüksək səviyyədə inkişaf və davam edəcək, deyirik. Bəli, qələbə, zəfər uzaqda deyil. Düşmən Ermənistan və onun havadarları cavablarını çox ağır şəkildə alacaqlar. Biz tezliklə qələbəyə, zəfərə nail olacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə