"Paşinyanın reallığı nəzərə almaq qabiliyyəti də yoxdur" - ŞƏRH ÖZƏL

"Ermənistanda son günlər baş verən hadisələr onu göstərir ki, Paşinyanın idarəetmə qabiliyyəti tam sıfırdadır. Onun nə siyasi təcrübəsi, nə də reallığı nəzərə almaq qabiliyyəti yoxdur. Bu məsələlərdən belə də nəticə çıxarmaq olar ki, onun demokratik şüarlarla hakimiyyətə gəlməkdə məqsədi siyasi rəqiblərini aradan çıxarmaq, kimlərdənsə 2008-ci ilin qisasnı almaq və faktiki olaraq bütün hakimiyyəti qəsb edərək tək bir əldə saxlamaqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Paşinyan birinci mərhələdə rəqiblərini aradan götürüb və hətta bəzilərini həbs etdirərək cinayət işi açdırıb: "İkinci mərhələdə o, artıq öz tərəfdarlarını da uzaqlaşdırır. Onlardan biri də məhz keçmiş Dövlət təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan idi. İndi Artur Vanesyan partiya yaradıb və Paşinyana qarşı çıxış edir".

Politoloq bildirib ki, hazırda isə Paşinyanın əsas rəqibi Konstitusiya məhkəməsidir: "Çünki Paşinyanın qəbul etdiyi bir çox qərarlar Konstitusiyaya ziddir və Paşinyanın məqsədi isə həmin qərarları təsdiq etdirməkdir. Konstitusiya məhkəməsi ali hüquq orqanı kimi o cür qərarları təsdiq etmək fikrində deyil. Faktiki olaraq Paşinyan parlamanetdə Konstitusiyaya düzəlişlərlə bağlı təklif edib və onun çoxluq təşkil edən partiya nümayəndələri bu təklifi təsdiq ediblər. Bu isə əsl çevrilişə cəhddir. Çünki belə bir düzəlişlər ancaq referendum yolu ilə həyata keçirilir. Əgər referendum yoxdursa, parlamentin Konstitusiya məhkəməsində düzəliş etmək hüququ yoxdur".

F.Sadıqov vurğulayıb ki, bu halda belə bir mənzərə yaranır ki, Paşinyan hakimiyyəti öz əllərində cəmləşdirib qəsb etmək istəyir: "Artıq Paşinyana qarşı həm onun keçmiş tərəfdarları, həm rəqibləri, həm də digər siyasi qüvvələr açıq şəkildə çıxış edirlər. Düşünürəm ki, belə getsə hakimiyyəti əldə saxlamaq Paşinyan üçün olduqca çətin olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə