"Qaydalara əməl edilməsə, qazanılan uğur qısamüddətli olacaq" ÖZƏL-ŞƏRH

"Son günlər sosial şəbəkələrdə koronavirusla aparılan mübarizə gözdən salınmağa başlanılıb. Xəstəliyə yoluxanların sayının nisbətən artması fonunda ağlagəlməyən iddialar, şayiələr dövriyyəyə buraxılaraq Azərbaycanın ilk gündən virusun daha geniş arealda yayılmasının qarşısının alınması, karantin dövründə zərər görmüş sahələrə verilən dəstək və s. istiqamətlərdəki səmərəli fəaliyyətə ləkə vurulur. Bu məqsədlidirmi, yoxsa hansısa faktlara əsaslanır?". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

"Suala cavab verməzdən və irəli sürülən iddiaların nə dərəcədə əsaslı olub-olmamasına keçməzdən öncə vurğulamaq yerinə düşər ki, son vaxtlar müxtəlif ölkələrdə koronavirusa yoluxanların sayının artmasına rast gəlinməkdədir və bu, əvvəlcədən ehtimal olunurdu. Pandemiya başlandığı dövrdən Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri başda olmaqla əksər mütəxəssislər bəyan ediblər ki, yoluxma sayı, pandemiyanın pik nöqtəsi müxtəlif ölkələrdə fərqli ola bilər. Məsələn, iyunun 29-da Braziliyada 727 yoluxma halı, iyunun 30-da isə 1271 yoluxma halı qeydə alınıb. Azərbaycanda hazırda yoluxma sayında artım yoxdur və iyunun 20-dən ötən dövr ərzində gündəlik yoluxma sayı 450-550 arasında dəyişir. Karantin rejiminin sərtləşdirilməsi nəticəsində yaxın zamanlarda yoluxma hallarının sayının aşağı enəcəyi proqnozlaşdırılır.

Vəziyyətin idarəolunmaz şəkil almaması məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir. Bu, birmənalı olaraq belədir! Hazırda Azərbaycanın bütün strukturları infeksiya ilə mübarizəyə cəlb edilibsə, bütün işlər təxirə salınaraq dövlətin imkanları bu istiqamətə sərf olunursa, buna başqa ad vermək mümkündürmü?

Bu gün içi Azərbaycan qarışıq əksər ölkələr Avropanın, Qərbin səhiyyə sistemini nümunə göstərir. Və bu, hələ ötən əsrin əvvəlindən dəyişməyən bir aksioma kimi beyinlərə həkk olunub; hamı düşünür ki, ən ideal, inkişaf etmiş səhiyyə sistemi bu ölkələrdədir.

Gəlin baxaq, həmin ideal səhiyyə sisteminə malik ölkələr koronavirusun yayılmasının qarşısının alınmasında, müalicəsində aciz deyilmi? Hansı ölkə ölüm hallarının qarşısını ala bilib? Almaniya, İtaliya, Amerika, Türkiyə, İspaniya və adını çəkmədiyimiz digər ölkələrdə koronoavirusun yaratdığı durum göz önündə deyilmi? İşsizlik artıb, infeksiyadan ölüm halları artıb, çarpayı çatışmazlığı var, səhiyyə sistemi aciz dirumda- vəziyyət bu ölkələrdə təxminən eynidi.

Müqayisədə Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkə olaraq qalmaqdadır. Ölkəmizin möhkəm baza üzərində qurulan iqtisadiyyatı, səhiyyə sistemi xəstəliklə mübarizəyə davam gətirir. Nəticələr acınacaqlı deyil.

Son günlər dövriyyəyə buraxılan ayrı-ayrı iddialara və bəzi şayiələrə toxunaq

Bildirilir ki, TƏBİB tərəfindən COVİD-19 testləri pulsuz edilməlidir. Azərbaycanın Rusiyadan aldığı koronavirus testlərinin keyfiyyətsiz olduğu və doğru nəticələr göstərmədiyi də iddia olunur.

Hamıya məlumdur ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı qeydə alındığı gündən başlayaraq, bütün analizlər dövlət tərəfindən pulsuz həyata keçirilir. Rəqəmlərə istinad etsək, iyunun 30-na olan məlumata əsasən, 482.170 test keçirilib. Gündəlik test sayı hazırda 5.500-9500 arasında ölçülür. Azərbaycan testlərin keçirilməsi göstəricilərinə görə, dünyada öncül mövqedə qərarlaşıb. Analizlərin keçirilməsi üçün müasir laboratoriyalar alınıb, onların sayı 23-ə çatdırılıb.

Azərbaycanda istifadə olunan testlər isə Rusiyadan deyil, Almaniyanın “Qiagen” şirkətindən alınıb və ən keyfiyyətli testlər hesab edilir.

Bundan başqa, Azərbaycanda xəstəxana çatışmazlığının olması dolayısı ilə gündəmə gətirilir. Bəzi ekspertlər bölgələrdəki olimpiya komplekslərinin virusa yoluxan xəstələrin müalicəsi üçün komplektləşdirilməsini təklif edirlər. Hansı ki, indiki halda buna heç bir ehtiyac yoxdur.

Hazırda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxana ayrılıb, regionlar da əhatə olunmaqla 5 modul tipli xəstəxana istifadəyə verilib. Yaxın zamanlarda daha 5 belə xəstəxanaın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanın mövcud durumu zərurət yaranacağı halda, bu istiqamətdə əlavə tədbirlər həyata keçirməyə imkan verir.

Operativ Qərargahın son brifinqində sərt karantin rejiminin daha 2 həftə uzadılacağı istiqamətində müzakirələrin aparılması barədə açıqlamalar da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə bir iddia irəli sürülür ki, sosial vəziyyət pisləşəcək; karantin rejiminin uzadılmasından sadə xalq əziyyət çəkir, kiçik sahibkarlar çətin duruma düşür və s.

Birincisi, karantin rejiminin vaxtının artırılması ölkədəki sanitar-epidemoloji vəziyyətə bağlıdır. Bu istəklə olsaydı, bunu istəməyən elə birinci hökumət olardı. Belə bir addım atılırsa, koronavirus infeksiyasının daha geniş yayılmasının qarşını almaq, vəziyyəti nəzarətdə saxlamaq məqsədi güdülür.

Belə addım təkcə Azərbaycandamı atılır? Diqqət etsək, Almaniya, Çexiya, Türkiyə, İran və digər ölkələrdə vəziyyətdən asılı olaraq karantin rejiminin sərtləşdirilməsi və ya yumşaldılması ilə bağlı tədbirlərin görüldüyünün şahidi olarıq.

Nəzərə almaq lazımdır ki, iyunun 21-dən karantin rejiminin sərtləşdirilməsi ilə koronavirusa yoluxma hallarında sürətli artımın qarşısını alıb. Ona görə də karantin rejimi uzadılarsa, bu qarşıdan gələn dövrdə yeni yoluxma hallarının sayının aşağı düşməsinə imkan verəcək.

Sosial vəziyyətin ağırlaşacağı ilə bağlı iddialara gəldikdə isə, Azərbaycanda sahibkarlara müvafiq maliyyə dəstəyi göstərilib, imkansız, işini dayandırmağa məcbur olmuş vətəndaşlara maddi yardım edilib. Bu proses dayanmayıb. Digər tərəfdən, Azərbaycan Prezidenti dəfələrlə çıxışında bildirib ki, dövlət üçün vətəndaşın sağlamlığı və təhlükəsizliyi prioritet əhəmiyyət kəsb edir. Heç bir dövlət iqtisadi fəaliyyəti məhdudlaşdıran tədbirlərin görülməsini istəmir, bu yalnız insanların sağlamlığını qorumaq məqsədilə məcburi qaydada atılır.

Son günlər ölkədə karantin rejimin uzadılmasının daxili turizmə ciddi ziyan vuracağı da ən çox səslənən fikirlər sırasındadır. Buna ən yaxşı cavabı Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videokonfransda bildirdi. Ölkə başıçısı vurğuladı ki, təkcə turizm Azərbaycanda deyil, bütün dünyada ən çox zərər çəkən sahədir. Son vaxtlar 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər etmiş, turist axını 15 faiz artmışdır. Xaricilər Azərbaycanda hər il, təqribən 1,5-2 milyard dollar xərcləyirlər. Bu, ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf olunub, otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Azərbaycanda turizm sahəsində sahibkarların kadr potensialını qoruyub saxlaması və işçilərin tələbatını təmin etmək üçün turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsi dövlət tərəfindən ödənilir. Turizm sahəsində ixtisarlara yol verməmək üçün bu sahəyə dövlət dəstəyi davam etdiriləcək. Azərbaycan Prezidenti bildirib ki, turizm sahəsinin bərpa olunması vaxt tələb edir. Daxili turizm xarici turizmi tam əvəz etməsə də, mövcud turizm infrastrukturunu müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, daxili turizm sənayeni dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra bununla bağlı planlaşdırılmış addımlar atılacaq.

Qeyd olunanlarla yanaşı, bölgələrdə aparılan dezinfeksiya zamanı adi sudan istifadə edildiyi barədə də şayiələrə rast gəlinir. Bu isə həm həmin sahə ilə bağlı məlumatsızlıqdan, həm də görülən işə ləkə vurmaq niyyətindən qaynaqlanır.

Birincisi, koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə yollarda, ictimai iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi yerlərdə dezinfeksiya işlərinin hamımız şahidiyik.

İkincisi, rəsmi məlumatlara istinad etsək, əvvəlki dövrdə istifadə olunan məhsullar Rusiyadan, İsraildən idxal olunub, sonrakı mərhələdə isə həm də onların Azərbaycanda istehsalına başlanıb.

Üçüncüsü, mütəxəssislər bildirir ki, koronavirusun dezinfeksiyası üçün istifadə olunan dərman maye, toz və həb halında olur. Bu prosesdən sonra infeksiya 1-4 saat arasında məhv olur. Lakin sonradan bu əraziyə yenə xəstə olan adam daxil olarsa, yenidən həmin məkanda infeksiya ola bilər. Dezinfeksiya 2 cür həyata keçirilir - profilaktik və ocaqlıq. Koronavirusdan ərazini dezinfeksiya etmək üçün isə Səhiyyə Nazirliyinin Sanitar Karantin Müfəttişliyinin verdiyi sertifikat əsasında “Bromoseft” məhlulu, DSÇ-9, DSÇ-10 dərmanlarından istifadə edilir.

Beləliklə, səslənən iddiaların içərisində ümumi işə töhfə verə biləcək nəsə tapmaq mümkün deyil. Bu bəla ilə mübarizədə ən xırda texniki səhvi belə şişirdib ümumi işə ləkə vurmaq kiməsə başucalığı gətirmir. Təbii ki, ictimai nəzarət olmalıdır, amma bu nəzarət faktlara əsaslanmalı, ümumi işə fayda verməlidir.

Bu gün ən çox ictimai nəzarət həm də insanların gündəlik həyatda fiziki məsafəyə necə riayət etməsinə olmalıdır və qaydanı pozanlar ictimai qınağa tuş gəlməlidir. Karantin qaydalarının və tələblərin pozulması ilə bağlı qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulub və tətbiq olunur. Amma bununla iş bitmir. Tibbi maska taxmayan, fiziki məsafə saxlamayan insanlar ətrafdakılar tərəfindən sərt formada ictimai qınağa məruz qalmalıdır. Hələ də anlamayanlar var ki, qaydalara əməl edilməsə, koronavirusla mübarizə sahəsində qazanılan uğur qısamüddətli olacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...