“Ağaları “hə” desə, müxalifət siyasi fəaliyyətində korrektə edər” RƏY-ÖZƏL

“Ağaları “hə” desə, müxalifət siyasi fəaliyyətində korrektə edər” RƏY-ÖZƏL

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun Ordu Günü münasibəti ilə hərbmilərlə görüşündə çıxışında Azərbaycan dövlətinin və Azərbaycan ordusunun gücündən danışdı və işğalçı Ermənistanın gücsüzlüyünü və perspektivsizliyini də konkret faktlarla göstərdi. Prezident müstəqilliyin ilk illərində Azərbaycanın dövlətçiliyini təhlükə altında qoyan AXC - Müsavat cütlüyünü kəskin tənqid etdi. Sual yaranır Cənab Prezidentin bu əsaslı mövqeyindən indiki müxalifət partiya sədrləri nə dərəcə də nəticə çıxara bilərlər? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, normalda nəticə çıxarmalıdırlar: “Hər bir cəmiyyətdə dövlət başçısının hər bir fikri, bəyanatı rəsmi mövqe kimi qarşılanır və həmin fikirlərin səslənmə səbəbi, bu səbəbin cəmiyyətə münasibətdə fəlsəfi mahiyyəti öyrənilir, təhlil edilir və nəticə çıxarılır. Çünki dövlət rəhbəri həddən ziyadə gərgin zehni fəaliyyətlə məşğul olmaq məcburiyyətindədir. Bu gərginlik içində Prezident o məsələlərə münasibət bildirməli olur ki, həmin məsələ ümumən cəmiyyətin inkişafı, mövcud olan problemlərin həlli ilə birbaşa bağlı olur”. T.Novruzov bildirdi ki, uzun illərdir ki, həm siyasət adamları, həm ziyalı təbəqəsi, həm də siyasi şərhlər yazan media nümayəndələri tərəfindən bəzi müxalif qüvvələrin, xüsusən AXCP və Müsavat partiyalarının destruktiv, antimilli fəaliyyətlərindən deyilir, yazılır, danışılır: “Nəhayət bu məsələ o dərəcədə narahatlıq doğuran bir problemə çevrilib ki, ölkə başçısı münasibət bildirməli oldu. Düşünürəm ki, həmin siyasət oyunbazları bunun fərqində olmalı, və cənab Prezidentin bu mesajını sağlam düşüncə ilə təhlil etməli və nəticə çıxarmalıdırlar. Ancaq, səmimi deyim ki, mənim buna inamım azdı. Çünki onlar artıq özlərini, əqidələrini, mövqelərini özləri idarə etmək iqtidarında deyillər. Ağaları “hə” deyəcəklərsə, onlar da öz siyasi fəaliyyətlərində korrektə edəcəklər. Müstəqil olmayan insanın müstəqil siyasət yürüdəcəyinə inanmaq, məncə sadəlövhlük olardı. Amma yenə arzu edək ki, nəticə çıxarsınlar. Ən azı onlar da bu ölkənin vətəndaşları, bu cəmiyyətin üzvləridirlər. Az da olsa dövlətin və cəmiyyətin gələcəyini düşünürlərsə, papaqlarını qabaqlarına qoyub düşünmələrinin zamanıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə