“Karantin qaydalarının pozulmasına görə təyin edilmiş cəzalar sərtləşdirilməlidir” ÖZƏL-RƏY
“Koronavirus dünyanı cənginə alıb, bəzi dövlətlərdə bu qorxunc virusun ikinci dalğası, qayıdış mərhələsi başlayıb, ortada böyük insan itkisi, tələfatı var, az qala bütün bəşəriyyət ayaq üstdədir, həyəcan təbili çalır, amma nə təəssüf ki, hətta bu dönəmdə belə məlum pandemiyanı ciddiyə almayanlar tapılır. Elə öz məmləkətimizdə də. Oysa, vəziyyət həqiqətən ciddidir. Diqqətli olmalıyıq. Hamılıqla. Birmənalı şəkildə. Eyni zamanda düşünürəm ki, karantin qaydalarının pozulmasına görə təyin edilmiş cəzalar da sərtləşdirilməlidir və bu cəzalar insan həyatını təhlükəyə atan məsuliyyətsizliyin miqyasına adekvat olmalıdır” . Bunu SİA-ya açıqlamasında millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev koronavirusla mübarizə kontekstində müşahidə olunan mövcud durumu şərh edərkən bildirib.
E.Musayevin sözlərinə görə, ölkəmizin dəyərli vətəndaşları hamılıqla fərqində olmalı, anlamalıdırlar ki, ani bir səhv, yanlışlıq, səhlənkarlıq kimlərisə bu həyatdan günahsız yerə apara bilər, kimsə başqa birinin ucbatından atasız, anasız, övladsız, ərsiz, xanımsız qala bilər: “Təbii, bu dönəm hamı üçün çətindir, hər kəsin arzusu budur ki, tezliklə əvvəlki həyatımıza qayıdaq. Fəqət, arzu ilə hər şey bitmir axı. Məsələ burasındadır, elə məhz bu arzunun reallaşması üçün də indiki rejimdə məsuliyyətli olmalıyıq, tələb olunan qaydalara riayət etməliyik. Qapalı yerlərdə maskanın taxılması ciddi zərurətdir. Bu tələbə mütləq şəkildə əməl edilməlidir. İnsanlar küçələrə icazəsiz çıxılmamalıdır, qaydaları pozmaq üçün bəhanələr axtarmamalıdır. Çox sadə elementlərdi, bütün məlum icraatlar. Onlara riayət etmək də çətin deyil və yalnız riayət edilmədiyi halda faciələrə yol açılır. Həm də çox böyük faciələrə. Amma madam ki, insanların bəzi qismi hələ də həmin təhlükənin fərqində deyil, o zaman karantin qaydalarını şüurlu şəkildə pozanlara qarşı cəzaların sanksiyalarını artırmaqdan savayı da yol qalmır. Bu mənim şəxsi fikrimdir və düşünürəm ki, təmsilçisi olduğum qanunverici orqan hazırda qüvvədə olan cəzaların sərtləşdirilməsi ilə bağlı gecikmədən təcili addımlar atmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB