Cəzaların daha da sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürülür ÖZƏL - AÇIQLAMA
"Tibbi maskalardan istifadə hər birimiz üçün məcburiyətə çevrilsin deyə, tətbiqi genişlənsin deyə bizcə cərimənin miqdarı artırılmalıdır. Belə olan halda bəlkə də vətəndaş həmin cəriməni ödəməmək üçün məcbur olub maskadan istifadə edər. Maska taxmaq yəqin ki, cərimə ödəməkdən daha asandır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, artıq bir-neçə gündür ki, bu məsələ müzakirə obyektinə çevrilib və bu haqda fikirlər bildirilir: "Milli Məclisin üzvləri, həmkarlarım tərəfindən də cəzaların daha da sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Görünən odur ki, vətəndaşlar qaydalara əməl etmək istəmirlər. Lakin sizinlə bir-neçə gün ərzində müşahidə etdiklərimi bölüşmək istərdim. Son günlərin statistikasında yoluxma sayı artdığı üçün ən azından mağazalarda və marketlərdə qaydalara ciddi riayət var. Vətəndaşlar qoruyucu tibbi maskadan istifadə etmək istəməsələr də mağaza rəhbərliyi tərəfindən buna məcbur edilirlər. Daha sonra onlar ciblərindəki, çantalarındakı maskanı taxıb mağazaya daxil olurlar. Belə görünür ki, hər kəsin yanında qoruyucu maska var, lakin, nə üçünsə bu vasitələrdən istifadə etmək istəmirlər. Bu, bir-neçə gün ərzində müşahidə etdiklərimdən yaranan nəticədir. Tibbi maskalardan istifadə hər birimiz üçün məcburiyətə çevrilsin deyə, tətbiqi genişlənsin deyə bizcə cərimənin miqdarı artırılmalıdır. Belə olan halda bəlkə də vətəndaş həmin cəriməni ödəməmək üçün məcbur olub maskadan istifadə edər. Maska taxmaq yəqin ki, cərimə ödəməkdən daha asandır. Aylıq gəlirinin bir qismini ödəmək əvəzinə bunu şüurlu şəkildə qəbul edilə bilərlər. Yenə də vurğulamaq istərdim ki, bu qadağaları dövlət özü üçün tətbiq etmir. Bu qadağalar vətəndaşların sağlamlığını qorumaq naminə tətbiq edilir".
Jalə Əliyeva əlavə edib ki, əgər, cəza tədbirləri də tətbiq edilirsə, qanunverici orqan cərimə müəyyənləşdiribsə vətəndaş bunu yalnış anlamamalıdır, bu, vətəndaşa qarşı tətbiq edilən bir akt deyil: "Biz vətəndaşa tərəf gedirik. Vətəndaşı qorumaq, onun özünün-özünü qoruması üçün bu addımlar atılır. Heç kim, heç bir qurum, heç bir dövlət orqanı vətəndaşın özünün-özünü qoruya biləcəyi səviyyədə onu qoruya bilməz. Vətəndaşın sağlamlığı, xoşbəxtliyi və digər hər bir şey onun öz əlindədir. Bunu birdəfəlik hər kəs anlamalıdır. Atdığınız addımdan gələcəyiniz asılıdır. Həqiqətən də, artıq, həyacan təbili çalırıq".
Millət vəkili bildirib ki, pandemiyanın birinci mərhələsi ölkəmizdə çox rahat sovuşub keçdisə, indi vəziyyət eyni deyil və bunu birdəfəlik dərk etmək lazımdır, hazırkı vəziyyətin çox təhlükəli və qorxulu nəticələri ola bilər: "Dövlətimizin bu sahədə əməyi və fəaliyyəti boşa gedə bilər. Ona görə də vətəndaşdan xahiş edirik ki, vətəndaşlarımız qoruyucu vasitələrdən istifadə etsin, sosial məsafəni saxlasın, tələb olunan qaydalara, sanitar-gigiyena şərtlərinə riayət etsin. Lazım olmadıqca küçəyə, bayıra çıxmayın, evdə qalın, fiziki təması azaldın. Çox gərgin, emosional və təhlükəli danışmaq istəmirik, lakin, həqiqət belədir. Elə hesab etmək lazımdır ki, bu bir müharibə şəraitidir. Müharibədəsiniz və tankın, silahın əvəzində bir virus dayanıb. Sizə, ailənizə və evinizə haradan yol tapacağını heç kəs kəstirə bilmir. Ona görə də vətəndaşlarımız çox diqqətli olmalıdır. Bunu dövlətimiz də istəyir və vətənini, vətəndaşını sevən hər bir insan bunu olduğu kimi dərk edir, dövlətinə kömək etməyə çalışır. İnanmaq istəyirik ki, vətəndaşımız ayıq-sayıqlığı əldən verməyəcək, sağlam düşüncə ilə bu bəlaya qarşı dövləti ilə birgə mübarizə aparacaq və qalib gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB