AP-də Azərbaycanın lehinə bəyanatların səslənməsi İ.Əliyevin siyasi uğurudur - ŞƏRH ÖZƏL
"AŞPA-nın Azərbaycan haqqında tutduğu mövqenin qərəzli və ikili standartlara söykənməsi barədə cənab Prezident İlham Əliyevin çıxışı və Avropa Şurasına qarşı ölkədə artan narazılıqlar onlarda gərginlik yaradıb. Bu gərginliyi də aradan qaldırmaq onların borcu idi. Ona görə də burada Ermənistan üzrə məruzəçi Trayan Baseskunun mövqeyi Azərbaycan üçün çox önəmlidir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü zaman-zaman sözdə dəstəkləyib: "Amma bu günə qədər bu səviyyədə bəyanat verməyiblər və üç respublikanın nümayəndəsi vahid mövqedən çıxış ediblər. Bu həm də Paşinyanın sonunun gəlməsinə bir işarədir. Məsələ burasındadır ki, artıq Avropa İttifaqı da Paşinyanın özünü demokrat donunda göstərməsi, lakin yırtıcı olmasını görür. Eyni zamanda Paşinyanın Kanadada 3 milyonluq malikanəsi ortaya çıxıb. Ermənistanın hazırki çətin iqtisadi vəziyyətində və həmçinin ölkədə koronavirusun çox ciddi problemlər yaratması və onun səriştəsizliyi nəticəsində bu virusun öhdəsindən gələ bilinməməsi fonunda Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatların gəlməsi, Paşinyan üçün sonun başlanğıcı deməkdir. Düşünürəm ki, Paşinyan payıza qədər hakimiyyətdə qala bilməyəcək".
Cümşüd Nuriyev vurğulayıb ki, bu eyni zamanda hüquqi müstəvidə Azərbaycan üçün bir siyasi kozrdır: "Məsələ burasındadır ki, Azərbaycanın artıq öz ərazi bütövlüyünü bərpa etməsi üçün Avropa İttifaqının, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının bəyanat və qətnamələri kifayət qədərdir. Azərbaycan bu məsələdə tamamilə sərbəstdir. Azərbaycan həm hüquqi, həm iqtisadi, həm də hərbi cəhətdən kifayət qədər güclüdür. Avropa İttifaqının verdiyi bəyanat Azərbaycan diplomatiyasının və xüsilə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Bu əsla Azərbaycan Xarici İşlər Nazirliyinin uğuru deyil. Cənab Prezident kifayət qədər dünya siyasi səhnəsində tanınmış siyasətçidir və onun AŞPA ilə əlaqədar sonuncu çıxışı məhz bu cür Azərbaycanın lehinə bəyanatların səslənməsinə gətirib çıxarıb. Bu məsələ sırf cənab Prezidentin uğurudur və bu uğuru Elmar Məmmədyarovun ayağına yazmaq olmaz. Çünki mən 16 ildə Elmar Məmmədyarovun hər hansı diqqətəlayiq siyasi bir uğurunu görməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB