“Milli Şura”nın “zoom” iclası: qeybətxana və lağlağı mərkəzi SARKAZM
Deyəsən “Milli Şura”nın artıq ictimai rəydə laqlağıya çevrilmiş “zoom” iclaslarının “xəmirləri” hələ çox “su aparacaq”. Daha dəqiq ifadə edərsək, aşığın sözü qurtaranda “dalay-dalay” çağırması artıq qurumun sədri Cəmil Həsənlinin dili ilə desək, “tendensiyaya” çevrilib. Hətta deyərdik ki, “zoom” iclas daha çox zoo iclas təsirini bağışlamağa başlayıb. Çünki bu iclasda siyasətdən deyil, inək və buğalardan, “tryapkalardan” və daha-daha nələrdən dəm vurulub. Özü də kim tərəfindən? Əlbəttə ki, uzun müddətdir “Milli Şura” daxilində özünün də nə danışdığını bilməyən Gültəkin Hacıbəylidən...
“İnək-buğa” lətifələrindən doğan Gültəkin Hacıbəyli “reallğı”
Ataların bir məsəli var. Belə ki, adam çox danışanda sərsəmləməyə başlayırmış... Bu baxımdan da, “Milli Şura”nın “zoom” iclaslarına baxarkən, istər-istəməz həm də belə bir təəssürat yaranır ki, deyəsən bu xanımcığaz daxilindəki kin-küdurətni gizlədə bilmədiyi üçün ictimai rəydə gülüş obyektinə çevrilir. Axı nə etsin binəva? Amma fakt budur ki, “Milli Şura”da nəinki normal siyasi mühit yaradıla bilinmir, o cümlədən həmin mühitdə ciddi yanaşmalar, təhlillər və analitik qabiliyyətlər belə “0” həddinə çatıb, hətta “0”-ın altına düşüb. Onlar özləri də bilmirlər ki, müzakirə etdikləri mövzularında hansı tərəfə yön alsınlar. Gah cinsi azlıqları təhqir edirlər, gah sonradan bu təhqirlərinə görə üzr istəyirlər, gah da öz çıxarları üçün bir-birlərinə belə qənim kəsilib çox gülünc vəziyyətlərə düçar olurlar. Eldəniz Quliyevlə Rafiq Manaflı onları elə-belə tərk etmədilər ki...
Budur “Milli Şura”nın “zoom” iclaslarının aşkar görüntüsü. Görün vəziyyət nə həddə qədər gəlib-çıxıb ki, artıq onların müzakirələri ya “inək-buğa” lətifələri ilə, gah da bilavasitə xalqı ələ salmaqla davam etməkdədir. Nəticədə isə onlar özlərini xalqdan təcrid edənlər, xalqın da onları necə inkar etməsinin şahidlərinə çevrilirlər. Əlbəttə ki, bütün bunların əsas günahlarını da özlərində axtarmalıdırlar sözügedən “siyasilər”...
Konstruktivlər, dialoq tərəfdarları axı nəyə görə və hansı səbəblərə “Milli Şura”nın maraqlarına tabe olmalıdırlar ki..?
İndi görün ki, siyasi müxalifətin dialoq tərəfdarı olan konstruktiv partiyalarının sözügedən mühitdən yararlanmaları “Milli Şura”nın koordinasiya mərkəzinə nə qədər ağır təsir bağışlayıb ki, o boyda professor belə təhqir və həqarətlərini gizlədə bilməyərək, konstruktivləri “traypka” (?!) adlandırıb. Nədir ki, müxalifətçi
olmalarına rəğmən, ümumi maraqlar kontekstindən çıxış etmək istəyən partiyalar bunların anti-dövlətçilik, anti-milli maraqlarına cavab vermir. Sual oluna bilər ki, əcəba, axı “Milli Şura”dakıların hansı keyfiyyətlərinə (keyfiyyətsizliklərinə-R.R.) görə düşərgənin digər cinahı onların dedikləri ilə oturub-durmalıdırlar? Xalqı, milləti təhqir etdiklərinəmi görə? Yaxud, Rahim Hacıyevin hansısa xarici anti-azərbaycançı ünsürün milli düşüncə tərzimizi ələ salan və “Azərbaycan xalqı iddialı, intizamsız, çox danışan və məsuliyyətsizdir” tipli sərsəm ibarəsini gətirdiyinə və həqarət etdiyinəmi görəmi?! Yəqin ki, yaxınlarda dialoqa dəstək verən müxalifət partiyalarının öz ayaqqabılarını qoca professorun “şura” adlı “tryapka” ilə siləcəkləri gün də uzaqda deyil. Necə deyərlər, dünya fırlanır və hər şey anidən tərsinə olur, kimin-kiminlə öz ayaqqabısını siləcəyini də zaman göstərəcək...
Hə, G.Hacıbəylinin dərhal bu “ibarəyə” “oooyyy nə gözəl xarakterizə ediblər” kimi tərif yağdırması da bəzi məqamları üzə çıxarır. Məsələn o bu vasitə ilə R.Hacıyevə eyham vurub ki, xalqı hədəfə almaları, milli heysiyyatları ələ salmalardan o da həzz alır və bu həzzə görə xarici maliyyə donorları onlara üstəlik pul-para da ödəməlidir. Axı Azərbaycanda oturub xalqı təhqir etmək hər kəsin “hünəri” ola bilməz, bunu yalnız “Milli Şura”nın “başbilənləri” edə bilərlər ki, öz uğursuzluqlarını dərhal xalqın üzərinə ataraq yaxalarını kənara çəkirlər. Amma...
Amma əslində məsələyə digər tərəfdən yanaşarsaq artıq əminliklə deyə bilərik ki, bu bir qürubdur, özü də siyasi qürub da deyil, çünki orada siyasətdən və siyasilərdən başqa nə desən, kim desən var. Bu, qaragüruhçuluğun, xəyanətin və dəyərsizliyin qürubudur ki, müşahidə edib, nəticələr çıxarırıq!
Kor-kor, gör-gördür ki, bunlar lağlağı edib, mırt vurmaqdan başqa heç nə bacarmırlar
Yeri gəlmişkən, AXCP sədri, “Milli Şura”nın yedək dirijoru olan Əli Kərimlinin “zoom” iclasına poverbankla qatılması da bir ayrı aləmiymiş əslində. Halbuki, “internet blokadasındayam” deyib, artıq uzun müddətdir feysbukda “admin heyəti” adından çənə döyür, yaxa cırır bu adam. Yəqin AŞPA-da da Ə.Kərimlinin “məzlumkeşliyi”, “əzablı günləri” ilə bağlı “narahat” olmağa başlayıblar və gecə-gündüz “zoom” iclası izləyirlər ki, görəsən hansı ciddi mövzulardan danışacaqlar. Amma heç bir ciddiyyət, reallıq görmürlər, ona görə də Ə.Kərimlinin əziyyəti yenə də qalır özünə...
Yəni adama deyərlər ki, sənin internetin yoxdursa, telefonunda məhdudiyyətlər mövcuddursa, poverbankla “zaryadka” yğıb iclasa qatılmaq nə demək, “internetim yoxdur” nə demək..? Nə isə, görək axecepeçilərin sədri sabah-birigün hansı “arqrumentlərini” açıqlayacaq faktların qarşısında.
Qaldı ki, “zoom” toplantının cəmiyyətə yararsızlığına, artıq kor-kor, gör-gördür ki, bunlar lağlağı edib, mırt vurmaqdan başqa heç nə bacarmırar. Bacarmadıqlarına görə də gündə bir oyunları çıxır ortalığa. Sonra da bar-bar bağırıb, üz-gözlərini ülgücləyirlər ki, hakimiyyət onların siyasi fəaliyyətlərinin qarşısını müxtəlif üsullarla alır və s. Vallahi də, billahi də hakimiyyətin bunlarla heç bir işi yoxdur, çünki hakimiyyət üçün bu tiplər ümumiyyətlə nə siyasi varlıq, nə də siyasi sima olaraq mövcud deyillər. Ona görə də, daha yaxşı olardı ki, elə bu minvalla da toplantılarını davam etdirib, özlərini daha çox ifşa etsinlər. İfşa olunduqca, hədəfə aldıqları xalq, sağlam düşüncəli ictimai-siyasi rəy də onların “insanlıq dərəcəsi” şkalalarının nə qədər aşağıya düşdüyünün daha çox şahidlərinə çevriləcəklər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB