"İnanırıq ki, hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz" Vətəndaşlardan minnətdarlıq

"İnanırıq ki, hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz" Vətəndaşlardan minnətdarlıq

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər. SİA dövlət başçısına ünvanlanan məktubların bir qismini təqdim edir:

Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən məktəbli Murad Şirinov yazır: “Möhtərəm cənab Prezident. Biz məktəblilər Sizi çox sevirik, Sizdən daim valideyn qayğısı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə də çətinlik çəkirik.

Bizlərə göstərdiyiniz diqqətinizə görə Sizə təşəkkür edirik. Sizin qayğınıza cavab olaraq dərslərimizi yaxşı oxuyacağımıza, Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Kəlbəcər rayonundan məcburi köçkün Elmir Cəfərov minnətdarlığını belə ifadə edir: “Hörmətli cənab Prezident. Sizin sayənizdə Azərbaycan koronavirus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər gördü. Rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı.

Pandemiya vaxtında Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər. Allah Sizi qorusun”.

Laçın rayonundan məcburi köçkün Elçin Zeynalovun məktubunda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz.

Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas etdiniz.

Özünü güclü sayan dövlətlərin koronovirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda, Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfər qələbəsinə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Sizin sayənizdə tezliklə bu bəlaya qalib gələrək torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna əminik”.

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən 12 yaşlı məktəbli minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident. Biz məktəblilər Sizin “Evdə qal” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram”.

Xocalı rayonundan məcburi köçkün, Qarabağ əlili Elmira Bağırova yazır: “Hörmətli cənab Prezident. Mən Sizə Xocalı rayonundan olan məcburi köçkünlərin minnətdarlığını çatdıraram. Bu ağır və çətin günlərdə bizə göstərdiyiniz qayğı misilsizdir. Xalqa göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız xalqın Sizə olan inamını daha da artırdı. Siz bu qayğılı günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə Sizin yanınızda olacağıq. Sizinlə fəxr edirik”.

Xankəndi şəhərinin sakini Vasif Allahverdiyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident. Bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında oldunuz və bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha isbat etdiniz. Bunun üçün Sizə minnətdarlığımı bildirirəm və əminliklə deyirəm ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz. Biz qarabağlılar torpaqlarımızın düşmən işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin”.

Gəncə şəhəri sakini Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Aydın Murovdağlı minnətdarlığını bu sözlərlə ifadə edir: “Möhtərəm cənab Prezident. Bəşəriyyətin 21-ci yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, hər bir super gücə malik olan dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq, millətinin, xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisinə, ölkə vətəndaşlarının qarantına, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam. Siz bütün dəyərlərə yiyələnən, özü haqqında həmişə yüksək fikir formalaşdırmağa nail olan, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik Lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizdən ötrü bütün maddi dəyərlərdən üstündür. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Ancaq xalqın sevgisindən, məhəbbətindən böyük mükafat dünyada yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz. Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Ulu Tanrı Sizi Qorusun. Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev”.

Qəbələ rayon sakinləri İvan Şabanov və Elnarə Şərifova məktublarında yazır: “Möhtərəm cənab Prezident. Dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı gördüyünüz işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Qabaqlayıcı tədbirlərə, həmçinin işləməyən şəxslərə 190 manat birdəfəlik ödənişin verilməsinə, aztəminatlı ailələrə isə ərzaq yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Allahdan Sizə cansağlığı diləyirik. Əminik ki, Sizin sayənizdə Qarabağımız da tezliklə işğaldan azad olunacaqdır”.

Şəmkir rayon sakini Mehdi Həsənov yazır: “Hörmətli cənab Prezident. İnternet saytlarından, mətbuatdan görürük ki, respublikanın müxtəlif bölgələrindən Sizə ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalqımızın koronavirus pandemiyası ilə mübarizədə az itki verməsi, kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir. Respublikamızın başı üzərini qara bulud kimi alan pandemiya inanırıq ki, tezliklə tam aradan qaldırılacaqdır.

Əziz Prezidentimiz, şəmkirlilərin Sizə və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə uzun ömür, cansağlığı versin”.

Tərtər rayonu sakini B. Nəzərov öz minnətdarlığını belə ifadə edir: “Möhtərəm cənab Prezident. Dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının əvvəlki qaydada ödənilməsi, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat vəsait verilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımlarınız təqdirəlayiqdir. Kənd təsərrüfatının inkişafı üçün edilmiş güzəştlər, bu sahədə çalışanlara şərait yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. Biz də öz növbəmizdə Vətənimizin rifahı üçün var qüvvəmizlə çalışır və bu çətin günlərdə bizə olan qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə