“Milli Şura” REAL-dan qurtarıb, geylərə keçdi?

“Milli Şura” REAL-dan qurtarıb, geylərə keçdi?

Və ya tükənən siyasətdən cinsi azlıqlara doğru...

“Milli Şura”nın sözdə yuxarı eşalonu hesab edilən üzvlərinin “zoom” toplantıları bu dəfə də səs-küysüz ötüşməyib. Belə ki, artıq uzun müddətdir REAL partiyası ilə hərc-mərclik edən qurumun koordinasiya mərkəzinin təmsilçiləri – xüsusilə Gültəkin Hacıbəyli, Eldəniz Quliyev və əlbəttə ki, Əli Kərimli və Cəmil Həsənli, eləcə də digərləri siyasi mövzunu dəyişərək, geylərin üzərinə yönəldib. Daha dəqiq desək, “Milli Şura”nın virtual iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə ictimailəşməsi böyük qalmaqala səbəb olub.

Cinsi azlıqları hədəfə almaqla, onlardan pənah umurlar?

Məsələni daha da dəqiqləşdirməklə qeyd edək ki, “Milli Şura”nın funksioneri G.Hacıbəyli sözügedən iclas zamanı xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir edib. Qeyd edək ki, İ.Cəlilov əsasən, REAL partiyasına dəstəkləri ilə yadda qalıb və zaman-zaman AXCP və “Milli Şura” rəhbərliyini hədəfə alaraq, onları müxalifəti parçalamaqda, intriqaçılıqda ittiham edib. Xüsusilə, REAL partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxmasından sonra başlayan kampaniya bu yaxınlarda onun və tərəfdarı Rəsul Cəfərovun bəraət almalarından sonra daha da qızışıb. Hətta vəziyyət sosial şəbəkələrdə sərt ittihamlardan təhqirlərə qədər inkişaf edib.

Maraqlı məqam isə budur ki, G.Hacıbəyli müxtəlif ittihamları və təhqirləri ilə İ.Cəlilovun timsalında bütün geyləri təhqir etməklə yanaşı, ona VHP-nin ali məclisinin sədri Rafiq Manaflı da dəstək göstərib. "Mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı" deyə, o bildirib.

Əslində, hər kəsin öz fikri var və söz yox ki, həmin fikirləri dəstəkləyib-dəstəkləməmək də insanların öz işləridir. Ancaq məsələnin daha bir tərəfi budur ki, belə uğursuz məsələlərin özlərini “müxalifətin əsas gücü” kimi təqdim edən fərdlər tərəfindən qabardılaraq siyasi müstəviyə keçirmələri anlaşılmazdır. Onlar sanki pənahlarını cinsi azlıqlardan alırlar, əlbəttə ki, onları ittiham etməklə.

Gültəkin Hacıbəyli üzrxahlığı Əli Kərimliyə görə edib?

Məsələn, xatırlada bilərik ki, əxlaqsızlıq bir sözdür və bu sözün altında onlarla qəbulolunmaz, həmçinin milli dəyərlərimizə sığmayan müxtəlif hərəkətlər dayanır. Görünür, bu gün Ə.Kərimlini özünə lider seçən G.Hacıbəyli AXCP sədrinin də adının bu kimi məsələlərdə hallanmasını unudub. Hətta 2003-cü ildə saxlanılarkən, Ə.Kərimlinin müdafiəsinə məhz geylər qalxmışdı. Üstəlik, onlar AXCP-nin o zamankı qərargahı qarşısında “Əli Kərimlidən əl çək!” şüarı ilə piket də keçirmişdilər. G.Hacıbəylinin bunu unutması isə, yəqin ki, onun tarixi unutmasının göstəricisidir. Görünür, o sonradan nə qədər səhvə yol verdiyini anladıqdan sonra, özünün Facebook səhifəsində üzrxahlıq edib. Yəni dolayısı ilə liderinə “qələt eləmişəm” deyib.

Bu məsələ Xədicə İsmayılın da xətrinə dəyibmiş...

Ancaq gey məsələsinin siyasi məqsədlər naminə qabardılması son illər “Milli Şura”ya qarşı düşmənçilik mövqeyi sərgiləyən Xədicə İsmayılın da xoşuna getməyib. Özünü gah jurnalist, gah QHT rəhbəri, gah da feminist və cinsi azlıq tərəfdarı kimi təqdim edən X.İsmayıl sözügedən məsələyə sərt mövqe bildirib: "Salam verilməyəcək bir qrup adam. “Milli Şura”nın sədri Cəmil Həsənli, bir zəhmət, silahdaşlarının lüğətinə və düşüncə tərzinə aydınlıq gətirsin. Dostlar dedi, diqqətlə baxdım. Özü də orada imiş. Həm də buna niyə rahat qulaq asdığını izah etsin".

Beləliklə, müxalifətin sözügedən cinahının REAL partiyasının ardınca, indi də geyləri hədəfə almaqla gündəmdə qalmaq cəhdləri artıq həmin ünsürlərin sözü qurtaran və “dala-dalay” deyən aşıq təsiri bağışlamaqdadır. Hər halda, baş verənlər də zatən şey göz önündədir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə