GAP-dan dövlət siyasətinə birmənalı dəstək! REALLIQ

GAP-dan dövlət siyasətinə birmənalı dəstək! REALLIQ

Ağasif Şakiroğlu: “Bu ölkə rəhbərliyinin yeni siyasi kursunun açıq nümayişi, eyni zamanda islahatlarının davamı və siyasi mədəniyyətin inkişafına böyük töhfəsidir”

Məlum olduğu kimi, Azərbaycanda siyasi islahatların yeni və daha çoxşaxəli istiqamətdə həyata keçirilməsi müxalifət partiyaları tərəfindən yüksək qiymətləndirilməkdə yanaşı, eyni zamanda, ölkədə yürüdülən siyasətə dəstək ətrafında fikirlər səsləndirilməkdədir. Hətta zamanında radikal mövqedən çıxış edən siyasi müxalifət partiyaları da var ki, onlar bundan imtina edərək, sivil, dövlətçilik və konstruktivlik fəaliyyətinin daha optimal variant olduğunu etiraf edirlər.

“Azərbaycan hakimiyyətinin digər islahatlarla yanaşı, siyasi islahatlar missiyasını da gerçəkləşdirməsi düşərgə təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir”

“Azərbaycanda aparılan siyasi islahatlar fonunda, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar müxalifət dialoqunun inkişafı, ictimai-siyasi proseslərdə müstəqillik illərində bir sıra ilklər yaşanmasına səbəb olmuşdur”. SİA-nın məlumatına görə, bu fikirlərlə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu sözügedən proseslə bağlı mətbuata fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu addıma “ağız büzən” və ilk fürsətdə ölkədə dialoq mühiti fonunda formalaşmaqda olan sivil iqtidar-müxalifət münasibətlərini dəyərləndirə bilməyən (və ya dəyərləndirmək istəməyən) marginal qruplar görülən müsbət işlərə, atılan müsbət addımlara qarayaxma cəhdlərində bulunurlar. Xüsusilə, COVID-19 pandemiyasının dünyada təhlükə yaratdığı bir dövrdə Azərbaycan hakimiyyətinin digər islahatlarla yanaşı, siyasi islahatlar missiyasını da gerçəkləşdirməsi düşərgə təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir: “Dünyanı bürüyən koronavirus pandemiyası dövründə ölkə rəhbərliyinin siyasi islahatlar kursunu davam etdirməsi Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə hesablanıb. Hesab edirəm ki, biz də ölkənin idarə olunmasında, cəmiyyətimizin və xalqımızın problemlərinin həlli istiqamətində mövqe sərgiləməliyik. Yaranmış yeni siyasi konfiqurasiyadan maksimum yararlanmalıyıq və demokratik qüvvələrin ölkənin ictimai-siyasi həyatında rolunu artırmalıyıq”.

“Yaranmış yeni siyasi konfiqurasiyadan maksimum yararlanmalıyıq”

GAP sədri etiraf edib ki, artıq radikalizm, dağıdıcılıq, destruktivlik kimi fəaliyyətlər köhnə siyasi təfəkkür məhsullarıdır və bu kimi uğursuz siyasətdən əl çəkmək lazımdır. Həmçinin, qeydiyyatdan keçməklərini illərdir ki, gözləyən müxalifət partiyaları artıq bu istiqamətdə diqqətə alınmağa başlayıblar: “Daha hər bir rəngarəng işi qara rəngdə görmək dövrü keçmişdə qalıb. Ölkədə çoxpartiyalı sistemin inkişafı, yeni siyasi islahatların aparılması, siyasi partiyaların dövlətçiliyin güclənməsi, demokratik Azərbaycan quruculuğu proseslərində iştirakı yeni siyasi partiyaların qeydiyyatı ilə nəticələnib. Uzun müddət ərzində yeni siyasi partiyaların qeydiyyat məsələsinin yubanması, eləcə də təsis edilmiş partiyaların dövlət qeydiyyatına alınmaması, bu məsələlərin beynəlxalq müstəvidə də öz narahatlılığını ifadə edib. Azad Demokratlar və Yeni Zaman partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizmin inkişafına, çoxpartiyalıq sistemin inkişafına gətirib çıxarır. Bu ölkə rəhbərliyinin yeni siyasi kursunun açıq nümayişi, eyni zamanda islahatlarının davamı və siyasi mədəniyyətin inkişafına böyük töhfəsidir”.

A.Şakiroğlu ümid edib ki, sədri olduğu GAP da başladılmış proseslərə öz töhfəsini verməkdə davam edəcək, eyni zamanda bu partiya da yaxın zamanlarda dövlət qeydiyyatından keçəcək: “Düzdür, rəhbəri olduğum Gələcək Azərbaycan Partiyası hələ dövlət qeydiyyatına alınmayıb. Amma əminəm ki, başladılmış proses uğurla davam edəcək və Gələcək Azərbaycan Partiyası da daxil digər fəaliyyəti olan real partiyalar da dövlət qeydiyyatına yaxın vaxtlarda alınacaqlar”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə