Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru ölkəmizdə rəsmi səfərdə olub
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-leytenant Kirço Kirov 2011-ci il aprel ayının 18-20-i tarixində ölkəmizdə rəsmi səfərdə olub.
Nazirliyin İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən xəbərə görə, əvvəlcə bolqarıstanlı qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bundan sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Kirço Kirovu qəbul edib. Nazir Eldar Mahmudov Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru ilə əvvəlki görüşlərini və səmərəli söhbətlərini xatırladaraq, Kirço Kirovu Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunmuş, enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti qeyd edilmiş, Azərbaycan və Bolqarıstan xüsusi xidmət orqanları arasında ümumən maraq doğuran bütün bu sahələr üzrə məlumatlandırma və ekspert görüşlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Nazir Eldar Mahmudov təhlükəsizlik problemləri, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, xüsusən beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə danışmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərlə əlaqədar irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
Göstərilən yüksək qonaqpərvərliyə və dolğun məlumata görə təşəkkürünü bildirən Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru Kirço Kirov, milli təhlükəsizlik naziri Eldar Mahmudovla yenidən görüşündən və hər iki ölkənin xüsusi xidmət orqanları arasındakı münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib. Qonaq Bolqarıstanın və Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirmiş, keçirilmiş dialoq və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB