"Avropa Şurası ermənipərəst mövqeyini gizlədə bilmir" - MÖVQE ÖZƏL
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı ilə heç bir zaman barışmayıb, barışmayacaq da. Bunu dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib. Təəssüf ki, zamanla Azərbaycanın hərbi gücünün nəyə qadir olduğunu görsə də, rəsmi Ermənistan sərsəm addımlar atmaqdan çəkinmir, siyasi şoularla dünyanın onsuz da qaynar olan gündəminə soxulmağa can atır. Belə şoulardan birini isə 31 mart və 14 aprel tarixlərində Azərbaycanın işğal altında olan torpaqlarında-qondarma “Dağlıq Qarabağ Respublikadında “qondarma “prezident seçkiləri” keçirməklə göstərdi. O Dağlıq Qarabağda ki, onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq aləmdə birmənalı şəkildə qəbul edilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bəs bu addımı ilə Azərbaycana meydan oxuyurmuş kimi görünməyə çalışan Ermənistan əslində hansı duruma düşüb? “Cənab Prezident 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bunu çox aydın şəkildə ifadə edib: “Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vurulub. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurublar. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirib. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərib ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımayıb və açıq-aydın bəyanatlar səslənib”. Bəli, Ermənistan özü özünə zərbə vurub. Bu “seçkilərlə” beynəlxalq hüquqa zidd hərəkət etməklə, regionda sülhə və inkişafa ziyan vurmaqla. Düşmən ölkə eyni zamanda bütün dünyaya göstərib ki, o, sülh tərəfdarı deyil, indiyədək Azərbaycan-Ermənistan münaqişəsinin danışıqlar yolu ilə həlli ilə bağlı keçirilən görüşlərdə iştirakı imitasiyadan başqa bir şey deyil. Burda ən diqqətçəkən məqam beynəlxalq aləmin bu seçki şousuna reaksiyasıdır. Bu reaksiyalar eyni zamanda İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi idi. Heç bir ölkə və beynəlxalq təşkilat qondarma”seçkiləri” tanımayıb. Başqa cür də olmaya bilməzdi. Necə deyərlər, ağılın yolu birdir. Hər kəs, haqlı olaraq, Ermənistanın güc yolu ilə işğal etdiyi ərazidə belə bir addımını beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyünə, mehriban qonşuluq və dostluq prinsiplərinə əks olduğunu bəyan edib”.
Deputat bildirib ki, Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər təşkilatlar qondarma “seçkilərdən” dərhal sonra Ermənistana etirazlarını bildiriblər: “Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Moldova, Serbiya, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan, İran və sair ölkələr bu “seçkiləri” tanımadıqlarını rəsmi şəkildə bəyan ediblər. Bu fonda Avropa Şurası Parlament Assambleyasının susqunluğu diqqətdən yayınmayıb. Başqa vaxt ölkəmizlə bağlı məsələlərdə milçəyi böyüdüb fil etməyi yaxşı bacaran, pozulmuş hüquqların müdafiəçisi rolunda yaxşı “vay-şüvən” salması ilə məşhur olan , “əsl həqiqətləri” öyrənmək adına məruzəçilər təyin edən bu təşkilatın ermənipərəst mövqeyi bütün aydınlığı ilə göz önündədir. Azərbaycanın ərazisində işğalçı bir rejimin qeyri -qanuni hərəkətləri bu təşkilata görə suveren bir respublikanın qanunlarına hayqırı deyilmi? Və nəhayət ki, dövlət başçısının kəskin tənqidindən sonra bu günlərdə Avropa Şurası Media Direktorluğunun məsələyə münasibət bildirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan etməsi daldan atılan daş effekti verir. Gecikmiş mövqenin əsil simanı gizlətməyə gücü çatmır”.
İ.Məmmədov qeyd edib ki, pandemiya səbəbilə Ermənistanda durumun heç də yaxşı olmadığı, hökumətin öz vətəndaşlarının sağlamlığı qayğısına qalmaq əvəzinə dünyanın etirazı ilə qarşılanan bu qeyri-qanuni hərəkətləri qarşısında susmaq bağışlanası hal deyil: «Hətta ədalətsizliyin özüdür. Bununla belə Avropa Şurasının bu mövqesizliyi bizim üçün o qədər də əhəmiyyətli bir şey deyil. Bu təşkilatın dəyərini möhtərəm Prezidentimiz layiq olduğu kimi verərək bildirib ki, “Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”. Bu qədər konkret və aydın. Azərbaycanda isə Prezidentin rəhbərliyi altında bütün diqqət və fəaliyyət koronavirusla dünyaya nümunə olan bir şəkildə mübarizəyə yönəlib. Sözsüz ki, dünyanı cənginə alan pandemiya təhlükəsi tam sovuşduqdan, həyat əvvəlki normasına düşdükdən sonra işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda mübarizəyə də qaldığımız yerdən,daha qətiyyətlə davam ediləcək. Azərbaycan müstəqil, güclü dövlətdir. Azərbaycanı güclü edən təkcə onun sosial-iqtisadi deyil, siyasi sahədə də əldə etdiyi çox böyük uğurlardır. Dövlət başçısının uğurlu siyasəti ölkə daxilində xalqın böyük əksəriyyəti tərəfindən bəyənilərək dəstəkləndiyi kimi, beynəlxalq aləmdə də ən güclülərin rəğbət və dəstəyini qazanıb. Demək doğru yoldayıq və demək davam etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB