"Videokonfrans formatında görüş növbəti nəticəsiz danışıqlar idi” ŞƏRH-ÖZƏL

"Videokonfrans formatında görüş növbəti nəticəsiz danışıqlar idi” ŞƏRH-ÖZƏL

“Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən videokonfrans formatında görüş növbəti nəticəsiz danışıqlar idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, əslində ATƏT-in həmsədrləri işğalçı tərəfə sanksiyaların tətbiqi ilə bağlı məsələri müzakirə etməlidirlər: “ Amma çox təəssüf ki, onlar bunu deyil koronavirus məsələsini müzakirə edirlər. Buna nə ehtiyac var? Onlar bu addımları ilə şou yaradırlar”.

A. Mollazadə qeyd edib ki, Ermənistan sülhə hazır deyil və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair heç bir addım atmaq istəmir: “ Bu baxımdan danışıqlar artıq oyuna çevrilib. Nəticəsiz danışıqlar ancaq prosesin özünə xələl gətirir. Bu fakt beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmalıdır”.

Deputat vurğulayıb ki, Ermənistan hər zaman olduğu kimi bu gün də beynəlxalq ictimaiyyəti aldatmaq istiqamətindəki oyunlarını davam etdirir: “ Mənə elə gəlir ki, bu oyunlar məhz bütün dünyaya aldatmağa yönəldilib. İşğalçı ölkə cəbhə xəttində təxribatlar törətməklə günahsız insanlara ziyan vurmaqla məşğuldur. Bu gün Ermənistan Qarabağ bölgəsindən uzaqda olan Qazax və Tovuz rayonun kəndlərində yaşayan mülki əhaliyə atəş açırlar. Hesab edirəm ki, beynəlxalq təşkilatlar faktiki olaraq bunu müzakirə etməlidirlər. Onlar isə Ermənistanın oyunlarına şərait yaradırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə