"AŞPA-nın qondarma "seçki"lərə susması son dərəcə ədalətsizdir" AÇIQLAMA-ÖZƏL

"AŞPA-nın qondarma "seçki"lərə susması son dərəcə ədalətsizdir" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfransda çıxışı zamanı Azərbaycanın uzun illərdir əməkdaşlıq etdiyi AŞPA-nın Qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı qanunsuz “seçki”yə etiraz etməməsi ilə bağlı fikirləri haqlı tənqiddir. Digər məsələlərə operativ reaksiya verən bir qurumun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tutduğu mövqe son dərəcə ədalətsizdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, görünür AŞPA-da Ermənistanın maraqlarına xidmət edən qüvvələr var: “Qanunsuz seçkilər və ərazi bütövlüyü ilə bağlı məsələlər gündəliyə gələrkən digər siyasi məsələlər arxa fona keçir”.

Politoloq söyləyib ki, AŞPA-nın Qarabağdakı qanunsuz “seçki”lərlə bağlı mövqeyini görmədikdə bu qurumun ədalətli bir sistem olmadığının şahidi oluruq: “Hesab edirəm ki, AŞPA-nın bu susqunluğu onun fəaliyyətinə kölgə salır. Qondarma “seçki”lərlə bağlı beynəlxalq təşkilatların verdiyi təpki fonunda Avropa Şurasının susması onun ədalətsiz və beynəlxalq qanunları tanımadığını göstərir”.

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qondarma rejimi tərəfindən keçirilən “seçki”lərin heç bir hüquqi əsası yoxdur: “Bunu Ermənistan özü də çox yaxşı bilir. Sadəcə buradakı “seçki” oyununu özlərinin siyasi məqsədləri üçün istifadə edirlər. İlk növbədə bu qanunsuz “seçki”ni heç bir beynəlxaq birlik tanımadı, ayrı-ayrı dövlətlər də kəskin etiraz etdi. Bütün bunlar beynəlxalq birliyin separatizmə, işğala qarşı və Azərbaycanın yanında olduğunu bir daha göstərir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə