"Ermənistanın İsraildə səfirlik açması İran üçün diplomatik uğursuzluqdur" - Həzrət Ayətullah Amili

"Ermənistanda qərbpərəstlərin hakimiyyətə gəlməsindən sonra Amerika başçılarının təkid və tapşırığı ilə bu ölkənin İsraillə münasibətlərinin genişlənməsi gündəliyə salınıb". SİA-nın verdiyi məlumata görə, bunu Arannews-a iranlı politoloq Həzrət Ayətullah Amili deyib.

Politoloq bildirib ki, Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bağlı verdiyi qərar, çox təhlükəli bir addımdır və bu ölkənin qərbpərəst rəhbərləri, xüsusilə də şəxsən Nikol Paşinyan bu addımı atmaq istədiyini elan etdi: "İrəvanın bu addımı İslam dünyası, əsasən də İran İslam Respublikasının maraqları ilə ziddir və ölkəmizdə geniş reaksiyalara səbəb olub, ciddi etirazlar bildirilib. Belə ki, bir çox siyasi simalar, ekspertlər, təhlilçilər, İslami Şura Məclisi təmsilçiləri Ermənistanın bu hərəkətinin nəticələri barədə xəbərdarlıqlar ediblər. Bu məsələ ilə bağlı Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amilinin fikirlərinə görə, Ermənistan İsrailə yaxınlaşmaq məsələsində təhlükəli bir yarışa başlayıb: "Ermənistan Təl-Əvivdə səfirlik açmaq fikrinə düşüb ki, öz gümanına əsasən, bu ölkəyə yaxın olmaqla həm Qarabağın işğalını təsbit etsin, həm də Azərbaycan Respublikasının aldığı silahlardan istifadə etməsinin qarşısını alsın. Ermənistanın İsraillə səfirlik açmaq səviyyəsində münasibətlərinin genişlənməsi həm Azərbaycan, həm də İran üçün böyük təhlükədir. Şübhəsiz, Ermənistanın İsraillə səfirlik açmaq həddində münasibətlərinin genişlənməsi, Tel Əvivin təhlükəsizlik və casusluq təşkilatlarının İran sərhədlərində və qulağının dibində hüzuru deməkdir. Ermənistan sionist rejimin qonşu ölkələrdə hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol verib, İranın ən çirkin düşməninə Qafqazda hüzur üçün yaşıl işıq yandırıb. Digər tərəfdən Ermənistanın Təl-Əvivdə səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Belə bir şəraitdə gözlənti odur ki, ölkənin diplomatik aparatı Ermənistanın qərbyönümlü hakimiyyətinə etiraz etsin. Əks təqdirdə Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da cürətlənəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə